
Elə kitablar vardır ki, onlar insanı öyrədir, düşüncələrinin, həyata baxışının dəyişməsində mühüm rol oynayır. Və sən bunu dərk etdiyin an, mənəvi zövq alırsan. Və get-gedə öyrənmək vərdiş halını alır, ehtiyaca çevrilir, və sən bu ehtiyacı ödəmək tələbatı duyursan.Bu kitablarla sənin ruhun qidalanır.Lakin hər bitirdikdən sonra heç də hamısı səni dərindən titrətmir,ürəyini sızlatmır. Lakin elə kitablar vardır ki, onlar insanın ürəyində sızıltı yaradır,təsir edir.Ancaq düşündükdə bu qənaətə gəlirsən ki, çox da mühüm dəyişiklər əldə etmiş olmursan. Və son olaraq, elə kitablar da vardır ki, onlar həm səni dərindən sarsıdır, və sənə xeyli yeni düşüncələr təlqin etmiş olur, cahil tərəflərini maarifləndirir. Teodor Drayzerin Cenni Herhardt əsəri bu kitablardandır. Hətta indi belə təsirindən çıxa bilmədiyim bu əsər məndə o qədər dərin hisslər yaratdı ki…
İlk əvvəl elə bildim ki, baş obrazlar Brender və Cennidir.. Amma yanılmışammış…Brenderi təsvir etmək istəmirəm.Ancaq yazıçı bu obrazı o qədər məlahətli, canayaxın, zərif yaratmışdır ki.Və məncə Brender sağ qalsaydı, Cenninin ruhuna daha lazımınca cavab verə bilərdi. Ancaq öldü…Cenni daha onu sevməyə başlamadan öldü…Cenni və onun ətrafındakiların səhv adlandırmasına baxmayaraq Vestanın doğulması məni sevindirdi. Bu incə münasibətdən qalan yadigar əsərin irəliləyən səhifələrində insanlar tərəfindən xoş qarşılanmır. Atası evdən qovur Cennini. Bu zaman məndə belə bir sual yarandı.Əgər mən olsam onu evdən qovardımmı? Əxlaq qaydalarını, din qaydalarını, cəmiyyətin ümumi baxışını qızımdan üstün tutardımmı?Və ya qızımı cəmiyyətə qurban verərdimmi? Yox,etməzdim. Əsl valideyn uşağa tək səhvi , düzü öyrədən deyil, həm də səhvində və düzündə yanında olandır.Öyrətməklə iş bitmir, əsas olan uşağa həm də ailənin güvənilən sığınacaq olduğu hissini təlqin etməkdir. Uşaq anlamalıdır ki, bütün kainat ondan üz çevirsə belə, ailəsi onun üzünə bağlanmayan qapıdır. Herhard ata da əsərin sonunda öz səhvini anladı…
Keçək əsas obrazlar olan, Lester və Cenniyə… Lester hər mənada yaxşı insan idi, ancaq sevgini anlamırdı. O sevgini ancaq öz mənəvi yalnızlığı ödəyən bir ehtiyac kimi başa düşürdü. Ən çətin məsələlərdə Lester qəti qərara gələ bilmədi Cenni barəsində. Və mən burada bir şeyi anladım. Sevgi əslində xudbinliyin ünsürünü də özündə daşıyır. Sevdiyin bir kimsəni heç kəs atmaq istəməz, çünki onsuz yaşamaq çətin olar. Sırf özü üçün çəti olduğuna görə atmağı da gözə almaz .Eynən Lester kimi. Lesterin qarşısına Lenni çıxdıqdan sonra o elə bildi ki, Cennidən sonra da xoşbəxt olacaq.Çünki nə də olsa, mənəvi yalnızlığını Lenni ilə paylaşa bilərdi… Amma getgedə anlamağa başladı ki, Cenni onun üçün sevginin özüdür. O həmişə bilirdi ki, Cenni onun üçün əzizdir. Ancaq əziz yerin sirrinə nə ad verə biləcəyini bilmirdi.Bəzən düşünürdü ki, Cenni çox əzab çəkdiyindən dolayi ona yazığı gəlir deyə qəlbində əziz yer tutur.Bəzən isə bunu Cenninin müsbət tərəfləri ilə əlaqələndirirdi.Bəzən də bunu Cennini atmasından dolayı çəkdiyi vicdan əzabı ilə əlaqələndirirdi. Lakin son nəfəsini verəndə o anladı ki, Cennini həqiqətən sevmişdir.Və bunu Cenniyə də dedi…Yazıq Cenni 3 kəlməlik cümləni nə qədər gözləmişdi…
Cenni… Cenni həyatdaki bütün yaxşılıqların toplusu idi. Və mən düşündüm…Bu qədər yaxşı olmağa dəyərmi? Xudbin(eqoist) deyildi, buna görə də öz Lesterini itirdi… Lesterdən məhz özü ayrıldı ki, qoy Lester öz sevimli cəmiyyətinə qayıtsın. Cenninin sevgisində belə xudbinlik yox idi. Kim öz sevgisindən, xoşbəxtliyindən imtina edər? Cenni etdi. Qarşılığında isə səssizcə 3 kəlməlik sevgi sözləri ilə yola salınmağı dilədi.Lakin səssiz çağırışına cavab gəlmədi…Cenni eyni zamanda sədaqət nümunəsi idi.Anasına,atasına, bacı və qardaşlarına və Lesterə olan sədaqət…6 uşaqdan ancaq Cenni atasını tək buraxmadı, yanına aldı…qayğısını əsirgəmədi. Eyni zamanda səbirlilik nümunəsi idi. Başqa saymaqla bitərmi?…Bitməz…Və bütün bu yaxşılara qarşılıq həyat da müsbət cavab verməli deyildi mi? Amma həyat onu ağacdan-ağaca sovurdu.
Bir də növbəti baş qəhrəman (mənim gözümdə) – cəmiyyət. Ta o dövrlərdən bəri başımıza bəla olan bu cəmiyyət… Lester elə sırf bu cəmiyyət üzündən Cenniyə olan sevgisinin tam adını qoya bilmirdi. Cenni onun idi.Amma bunun sevgi olub – olmadığını Lester başa düşmürdü. Axı Cenni aşağı təbəqənin nümayəndəsi idi.Hətta onun qeyri-qanuni Vestası da var idi. Hansı ki bu 2 cəhət Cennini başqalarının gözündə mənfi qılırdı. Hər cür alçaqlıq cəmiyyət üçün məqbuldur. Bir şərtlə ki, yoxsul olma. Bəlkə də Cenni varlı aristokratka olsaydı, qızı Vesta da cəmiyyət üçün “gənclik səhvi”ndən artıq görünməzdi. Ancaq yoxsul olması onu cəmiyyətə fahişə kimi göstərirdi… Məhz bu fikirlər Lesterin başını bulandırırdı…Bir neçə insan Cennini yaxşı tərəflərini görə bilirdi. Ancaq heyfslər olsun ki, cəmiyyətin üzvlərini həmin insanlar təşkil etmirdi. Onlardan az idi…Bu indi də belədir.Belə olub, belə də gedəcək… “insanlar nə deyər?nə düşünər?” – daim tərəzimiz olacaq. Cəmiyyət elə qəribə mövhümdur ki, o qədər sevir ki, sorğusuz,sualsız “tutun o canini” deməyi…sırf cəmiyyətin o üzdə mükəmməl , qeybətcil, axmaq üzvlərinə yem verməmək ,onlar tərəfindən mühakimə olmamaq üçün insan nə qədər qurbanlar verir. Mühakimə etmək üçün uzanan barmaq, bəs sən özün təmizsənmi? İnsan daim mühakimə olunmaqdan çəkinir, axı insan üçün şərəf (cəmiyyətin insana olan hörməti) vacibdir.Ləyaqət(insanın özünə olan hörməti) olmasa da olar, təki qoy şərəf təmiz qalsın, nəfəs aldıqca, qoy şərəf də var olsun,ucalsın daim… Bax, Lester , Herhardt ata Cennini bu şərəfə qurban verdilər… Öləndə isə…? “ah bu boş düşüncələr, məni bağışla Cenni…” Bax belə…Missis Herhardt öldü, Mister Herhardt öldü, Vesta öldü, Lester öldü…Cenni isə hələ gənc idi…Yaninda saxladığı yetimlər böyəyəcək, Cenni ilə birgə həyatla mübarizə aparacaqdılar.. Bəs sonra? Sonrasını nə Cenni, nə də mən bilirəm… Guya hansımız sonramızı bilirik ki?...