Monthly Archives: April 2020

Dilemma (?)

Dinlə

Mənim uşaq vaxtı ancaq bir dostum var idi: Allah baba. Həmişə tək qalanda danışdığım yeganə adam idi. Mən çox yalnız olmuşammış uşaq vaxtı, getgedə fərqinə varıram. Amma həm də yalnız deyildim. Allah baba var idi. Müəlliməm döyəndə, evdəkilər cəzalandırıb çoxlu dərs oxudanda, məhlədəkilər məni oynatmayanda həmişə Allah baba vardı. O, həmişə yanımda idi; mənə qulaq asırdı, məsləhət verirdi, mənlə oynayırdı. Sonuncu “gecən xeyrə qalsın”ı mən həmişə ona deyərdim..

“Allah baba, sən anamı, atamı, qardaşımı, nənəmi, babamı, xalalarımı,bibilərimi,əmimi,dayımı,atamın-anamın xalalarını,bibilərini,dayıların,əmilərini, qonşularımız Sevda xalanı, ailəsini, Gulmirə xalanı, Xanım xalanı, ailələrini, bağçadaki Aydanı və s..və s.. qoru. Heç biri ölməsin.Gecəniz xeyrə.”

Bir səhər atamın xalası öldü.. mən 1 ay atamın üzünə baxa bilmədim..çünki həmin günün gecəsi xalasının adını çəkməyi unutmuşdum duamda. Günahkar idim.

Bir səhər ən yaaxınn dostum Aydan bağçadan çıxdı. bir də gəlmədi. 3 il mən Aydan dedim, Aydan eşitdim.. Taa məktəbə gedənə qədər. Hər gecə “Allahım Aydanı da çox istəyin, mən onu çox istəyirəm” deyə xahişlər edirdim. 3 ildən sonra anam Aydanın anasını tapdı və məni Aydanla görüşdürdülər. Aydanı bərk-bərk qucaqladım. Aydan da məni qucaqladı. amma.. adımı unutmuşdu.

Sonra məktəbə getdim, müəlliməmin məni sevməsi üçün hər cür şirinlik edirdim. Amma sevmirdi, çünki şirin deyildim. O sevdiyim qadın bir dəfə mənə eşşək dedi, çox ağladım həmin gün. Çıxacam dedim o məktəbdən, dözə bilmirəm o müəlliməyə. Amma çıxmadım. Kimlərsə çıxdı, kimlərsə gəldi, mən 11 il oxudum o sinifdə.

3-cü sinifdə ingilis dilim çox zəifdi. çünki fərqli bir dünyanın dili idi. Dili başa düşməyim üçün o dünyanı dərk etməli idim. Dərk edə bilmirdim. Çətin idi..fərqli idi..başqa idi. Həmin ilin bütün yayını anam Vershaginanın ingilis dili kitabını mənə öyrətdi. Bağda yuxarı mərtəbədə ancaq o zəhrimarı oxuyurdum..oxuya bilmirdim. Pəncərədən insanlara baxırdım, dənizə baxırdım. şeir yazırdım. amma o ingilisi oxuya bilmirdim.

Axşamlar seriala baxırdı böyüklər. Uşaq üçün deyilmiş. ama baxırdım. gizlicə qapıdan. Qız oğlanla küsmüşdü, çoxlu dərman içdi və həmişəlik yatdı. Maraqlı gəldi, yatsam, anam bəlkə də oxutmazdı o ingilisi. Gedib nənəmin hər gün içdiyi sarı dərmanlardan çoxlu içdim. sonra gedib yatağımda uzandım ki, yuxuya gedim..gözlədim..gözlədim, amma yuxum gəlmədi. Çox sonradan bildim.. valeryanka yatızdırmırmış..həmişəlik. 

İngilis dili müəlliməm pismiş, ona görə sevə bilmirmişik dili. sinif rəhbərimiz belə dedi. öyrətdi ki, sizi çağıracaqlar, pisləyərsiz müəllimi, deyərsiz ki, heç nə öyrətmir. Çağırdılar. Ən çox mən pislədim, ən çox mən danışdım.. həmin gecə Allah babaya “gecən xeyrə qalsın” demədim. özümü çox pis hiss edirdim, nəsə çox pis bir şey eləmişdim..amma nə?  Çox sonradan bildim, şər atmışdım.. Müəllim yaxşı idi, pis olan biz idik.

Bir gün sinif yoldaşlarımdan biri məktəbə formasız gəldi. nə qara yubkası var idi, nə də ağ köynəyi. Hər şeyi çox bilən sinifqom mən özümə borc bildim ki, bu haqda müəllimə məlumat verim. Verdim. amma nəsə yenə qaranlıq bir şeylər vardı, anlamırdım.. Yenə və yenə çox sonradan bildim, qızın atası evi tərk etmişdi, anası qızının kefini açmaq üçün bəzəmişdi.

Daha çox şeylər öyrəndim.. amma sonradan. Və bir gün gördüm ki, artıq uzun müddətdir ki, Allah babaya “gecən xeyrə” qalsın demirəm.

sonralar daha çox şey oldu, daha-daha çox.. amma yalnız idim.. Məsləhət verən Allah babam yox idi.. maraqlısı odur ki, artıq səhvlərin subyekti deyildim, obyekti idim. Olmaz dediyim çox şey gəldi başıma. qırıldım, insanlardan, həyatdan, Allah babadan. Bu 24 yaşımda uşaq kimi ağladım.

“Niyə məni tək qoydunuz? Niyə yanımda olmadınız?” 

Və hələ çox şeylər olacaq. Çox dəfə yıxılacam, çox dəfə ağlayacam, çox dəfə həyat başıma uçacaq.. və mən həmişə Allah babamı-dostumu axtaracam.