Monthly Archives: November 2019

Belə

Uşaqlıqda yaşadığımız hər çətinlikdə,hər sıxıntıda “eybi yox,böyüyəndə keçəcək, hətta yada salanda güləcəyik” deyə düşünürdük. Böyüdük, ancaq keçmədi. Hər biri beynimizdə silinməz izlər qoydu. Hər mənfi hadisə düşüncələrimizə bir ləkə saldı. Sonra o ləkələr böyüdü, böyüdü və düşüncələri əvəz etdi; yəni biz artıq düşünmürük, ancaq beynimizdəki ləkələri izləyirik. Uşaq vaxtı həmişə evə gedəndə səhvlərimin üzərində düşünərdim  və onda elə bilirdim ki, bütün insanlar belədir. Elə bilirdim ki hər kəs öz səhvlərinin, düzlərinin fərqindədir, etdikləri ədalətsizliklərə görə vicdan əzabı çəkir, yaxşılıqlara görə isə sevinirlər. Amma yaş artdı, ləkəli beyin artıq saf düşüncələrindən əl çəkdi. Gördüm ki, dünya heç də mən düşündüyüm, olmasını istədiyim kimi bir yer deyil. Hər yaxşılığın bir qarşılığı, hər pisliyin isə bir səbəbi vardır insanlar üçün.

Əslində artıq dünyanın necə bir yer olması getgedə vecimə də olmur, insanlar da vecimə deyil, heçkimdən nə yaxşılıq gözləyirəm, nə də pisliklərini vecimə alıram. Sadəcə heyf ki, bunu gec öyrəndim. Əvvəllər ancaq bir ideologiyam vardı :

” Şu dünyadaki en mutlu kişi mutluluk verendir, Şu dünyadaki sevilen kişi sevmeyi bilendir, Şu dünyadaki en güçlü kişi, güçlükten gelendir, Şu dünyadaki en bilgin kişi kendini bilendir, Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, İnsanlar el ele tutuşsa, Birlik olsa, Uzansak sonsuza” .

İnsanlara öz ürəyimdə olan bütün küskünlüklərim də, inciklərim də bu ideologiyanın təsirindən idi. Çünki evdə də belə görmüşdüm mən, sevgi verən-sevgi alan və paylaşan bir ailəm olub. Amma qapıdan çölə çıxan kimi hər şey dəyişirdi. Hər kəs xoşbəxtliyə, sevgiyə ac, lakin hər kəs də bunu başqalarından özünə olan borc kimi görür. Yəni heç kəs insanları sevmir, heç kəs insanları xoşbəxt etmək üçün bir cəhd etmir, lakin bütün dünyadan bunu özünə qarşı tələb edir, görmədikdə isə insanlara düşmən kəsilir. Hər kəs insalara öz həyat xidmətçisi kimi yanaşır. Ancaq artıq çıxa bildim bu ideologiyanın təsirindən. O mahnıdaki kimi həyat bayram deyilmiş, insanlar da əl-ələ və xoşbəxt olmasa olar. Daima sevgi verdiyin insanlardan sevgi dilənməyə də ehtiyac yoxdur, çünki sevgini hər kəsə paylamaq olmaz. Bu psixologiya ilə insan daha güclü olur, daha az yara alır və ya heç almır..   Amma istədiyim bu idi mi?

Bu deyildi.. Köhnə ideologiyamda ümid vardı, insanlara inam vardı, sevgi vardı, dostluq vardı, istilik vardı və ən əsası doğmalıq vardı. köhnə ideologiyamda insanlar bir-birinin xidmətçisi deyildi, dostu, sirdaşı, ailəsi idi. Güclə qurduğum bu möhtəşəm ideologiyamda isə artıq insanlara qarşı doğmalıq hiss etmək yoxdur. Doğma olmadığın insanlardan doğmalıq gözləməyə ehtiyac da yoxdur..  amma və lakin, bu psixologiya ilə xoşbəxtəm mi? Yox. Kədərliyəm mi? Yox.  Hissiyatsızam… və ləkəli beyinli.

“Şu dünyadaki en olgun kişi acıya gülendir, Bütün dünya buna inansa, bir inansa..”