Baxdı..avtobusda qarşısında oturan qadına baxdı. Gözəl idi…qara saçları, mavi gözləri, balaca burnu, gül rəngində dodaqları, ağ əlləri, boyalı dırnaqları … Şüşədəki öz əksi dəydi gözünə bu zaman. Kim idi bu? Doğrudan da, özü idi mi? Ağarmış saçlar, dərd içində üzən gözlər, çatlamış solğun dodaqlar, qırışmış yaralı əllər, səliqəsiz dırnaqlar… Utandı özündən..bəlkə də özündən yox.., qızdan utandı, qızın gözəlliyinin altında əzilməkdən utandı… Çəkdi şüşədən gözlərini, ən azından bu gün, bu saat baxmaq istəmirdi öz əksinə, çünki iyrənmişdi, bezmişdi artıq özündən…gözləri gözəlliyə həsrət idi, izləmək istəyirdi bu qızı… gözləri… Bu gözlər onda olsaydı…bənzəyərdi mi bu qıza? Ehh, yox, bu gözlər onun simasında sanki palçıq üzərinə düşən bir gülü xatırladardı… Bəs dodaqlar? … Yox… sonradan yenə solacağını, qırışacağını bildiyi halda bu dodaqları özündə xəyal etmək haqsızlıq olmazdı mı həmin o gül dodaqlara qarşı ?! Nə ehtiyac var idi , özünü məhv etdiyi kimi o dodaqları da məhv etməyə ?… Bu cür qəribə düşüncələrlə mübarizə apardığı zaman, bir anda qızın gözlərini öz üzərində hiss etdi…Çantasına baxırdı qız onun.. Sökülmüşdü və bu sökük qızı cəlb eləmişdi . Daha çox utandı bu zaman…əli ilə gizlətməyə çalışdı həmin yeri, amma nə fayda…yəgin indi qız qınayırdı onu, bəlkə də səliqəsizliyindən iyrənirdi hətta. İyrənməkdə haqlı idi, çünki özü də özündən iyrənirdi…Amma qınamaq – əsla ! Hansı qadın sökük çanta ilə küçəyə çıxmağa razı olar, əgər daha bir çantaya malikdirsə ?! Yox idi, malik deyildi … Zəng gəldi qıza bu an…telefonu da özü qədər gözəl idi… “Çatıram, əzizim..” Əzizim… Necə də gözəl bir kəlimə idi…Əzizimm…Dəfələrlə öz-özünə təkrarladı…Əzizimm…Əzizimmm… Yeni bir kəlimə idi, bu, onun üçün… İncə kəlimə idi, elə həmin bu qız kimi… və bu kəlimə məhz bu qızın dilinə yaraşırdı , səsinə yaraşırdı… amma ona…onun kobudlaşmış səsinə… “zəhrimar”dan başqa kəlimə bilməz dilinə…yaraşmırdı…yaraşmazdı!.. Gülünc qalardı bu söz onda…Əzizimmm..yox bir… Amma kaş bu gözəl kəliməyə yaraşan bir insan olsaydı… Ən azı “əzizim” qədər məlahətli olsaydı, incə olsaydı…Axı o da qadın idi… Nə fərqi var idi bu qızdan? Eyni cinsin sahibləri bir-birindən necə bu qədər fərqli ola bilərdi axı?
–Ay arvad, ‘ Çuğuntökmə zavodu ‘ deyirdin bayaq. Buradı , düş.
… Və artıq başa düşürdü… Qadın olan o deyilmiş, qarşısındaki imiş. O, arvad idi… Fərq də elə məhz bu imiş …