Monthly Archives: October 2016

Gündəlik – 2

image

 

” Düzü, necə başlayacağımı yenə bilmirəm…Əslində yazıram, amma başa düşürsünüzmü, görəsən?…Başa düşmürsünüz,bilirəm.. çünki düşünmürsünüz…Həyatın axarına dalmısınız…Yorğunsunuz, bəlkə də indi yatırsınız, hətta sabaha işiniz də çoxdur…Məşğulsunuz – gündəlik qayğılarla. MƏNİM KİMİ …Elə bilirsiniz, guya mən özüm özümü başa düşürəm ki? Hərdən “nələrsə” düşünürəm…həvəsim, vaxtım olanda isə yazıya köçürürəm… 1-2 ildən sonra oxuyanda isə sizdən biri oluram və özüm də heç nə başa düşmürəm…BƏLKƏ də, başa düşməmək sərf edir bizə…? “

 

Bugün 2 rəfiqə bir-birilə söhbət edirdi. Rəfiqələrdən biri xadimə idi və digər rəfiqəsini də xadimə kimi işə düzəltmişdi. Lakin qız rəfiqəsinin iş saatından müəyyən qədər narahat idi. Gecə 21:00-dan səhər 7-ə kimi çalışmalı idi. Ancaq rəfiqəsi çox xoşbəxt idi, onun üçün fərqi yox imiş, tam əksinə, çox minnətdar, şükürlü idi qıza və Allaha qarşı… Deməli, bu saniyə mən isti evimdə “yorğun” halda yazı yazıram, hələ səhərə kimi də “işim çox olduğu üçün” oyaq qalmalı olacağım üçün kefsizəm, o qız isə gecə saat 12də xadimə kimi ayaqyollarını, şüşələri, stolları, yerləri təmizlədiyi halda kefsiz deyil, şükür edir Allaha, “Çoxsağol!” deyir rəfiqəsinə… Bugün ilk dəfə idi ki, özümü xadimə kimi təsəvvür etməyə çalışdım. Hər gün 10 saat ayaqyolu təmizləmək…Öz də gecə… Ürəyim qəribə bir şəkildə ağrıdı. Xeyr, bu dəfə fərqli idi!  Həmin qıza yazığı gəlib, ürəyində çoox xırda bir sızıltı hiss edib, sonra da özünü həmin sızıltıya təslim edərək qıza 1-2 manat dəyərində mərhəmət göstərən “monarxın” bikeflik və qürur qarışıq keçirdiyi bir hissin ağrısı deyildi. Qürur… Necə qəribədir…  ehtiyaclarımızın çoxluğu səbəbindən 1 aya yüzlərlə manat xərcləyirik, gözümüzə görünmür…amma  ildə-ayda-əsrdə bir dəfə kasıba verdiyimiz 1 MANAT’ı  heç vaxt unutmuruq, özümüzlə qürur duyuruq. O  1 manat(lar) cənnət qapımızın açarı, insanlığımızın isə göstəricisi olur…Hətta hərdən Allahla müqavilə də bağlayırıq, “Sən mənim filan işimi düzəlt, mən də sənin ‘kasıb’ına 1 manat verim” … Bu arada , kasıbın da ‘qiymət’i  20 qəpikdir. 1 manat –  ənn ali, ənn mükəmməl, ənn varlı, ənn ‘işləri düz gətirən’ insanların verdiyi bəxşişdir…QAYIDAQ MÖVZUYA… Bəli, ürəyimdə ağrı hiss etdim və bu ‘mərhəmət’imin ağrısı deyildi, bu – xəyalımdaki xadiməyə,yəni özümə yazığımın gəlməsindən doğan ağrı idi. İlk dəfə idi ki, özümə yazığım gəlirdi…necə çarəsiz idi o xəyalımdaki mən…O qız kimi güclü, şükürlü, minnətdar ola bilməzdim mən. Yəni indiki halımıza dəfələrlə şükr etməyi, minnətdarlıq duymağı unudan insanlardan ‘xadimə kimi işə düzəldiyi’ üçün şükr etməyi necə gözləmək olar ?! Həyat fəlsəfəmiz : “Belə də olmalıdır.” Bəs belə olmayan nədir ?! Qoy deyim də, belə olmayan – daha ağıllı, daha uğurlu, daha varlı,daha gözəl, daha bəxtli ola biləcək halda olmamağımızdır… Özümüzü həmişə olduğumuzdan yuxarılarla müqayisə edirik, müqayisə zamanı onların həyatlarını beynimizdə aydın şəkildə təsvir edib, keçirdiyi hissləri çoox aydın şəkildə xəyal edirik… Amma heç vaxt özümüzü gecə 3də küçədə yatan qoca bir kişi kimi təsvir etmirik, onun o soyuqda keçirdi hisslərinin xəyalını qurmuruq.. Biz onlardan deyilik, onlardan biri ola bilmərik, biz ancaq kasıblara ‘yazığı gəlib və mərhəmət göstərdiyi’ üçün ən ali səviyyələrə,gözəlliklərə layiq olan insanlarıq!  

Əsl mərhəmət isə bizim özümüzə lazımdır! Bu saniyə o soyuq ayaqyolunda xadimə kimi çalışan qızın göstərəcəyi mərhəmət mənə lazımdır!  Yağışın altında heç kimə lazım olmadığını bilsə də, 20 qəpiklik tərəzisini qarşısına qoyan çarəsiz dayının mərhəməti mənə lazımdır… Qışın soyuğunda səkidə oturub salfetka satan nənələrin,xalaların mərhəməti mənə lazımdır…

Təsəvvür edin ki, salfetka’ya ehtiyac duyanda həmin küçədəki nənəyə 1 manat verib normasından daha artıq alaraq, salfetkanın ucuza başa gəldiyi üçün sevinirsiniz və o anda – həmin nənə sizə ən xoş arzuları, gözəllikləri diləyir, həmin saniyə sevincinizə sevinc qatıldığı üçün laap-laap göylərə, buludların üzərinə çıxırsınız. Bax o SANİYƏ’ni həmin nənələrə, tərəzi’li babalara, xadimə qızlar və onun rəfiqələrinə həsr etmək istəyərdim…Kaş həmişə həmin o saniyəni yaşasaydılar  …

Adını siz qoyun. (Gündəlik-1)

tumblr_nuigv5dduf1sqba70o1_1280

 

1-2 həftə bundan öncə çox adi və bir qədər kədərli günlərimdən birini yaşayırdım. .Sizdə də olurmu, hansı ki özünüzü nələrəsə məcbur edirsiniz? Həyat’a belə məcbur hiss edirsiniz. Və bir müddət sonra bu, sizi boğur.

Təsəvvür et ki, ən sevimli rəngin “yaşıl”dır. Ancaq bir müddət sonra (yaşıl rəngə olan sempatiyandan xəbərsiz bir şəkildə) səndən bu rəngi sevməyi tələb edirlər, halbuki sən onsuz da bu rəngi sevirdin. Lakin bu tələb, məcburiyyət getdikcə sənə öz sevgini unutdurur, beynində isə yalnız və yalnız  “mən bu rəngi sevmək məcburiyyətindəyəm!” fikri dolanır…Rəngə olan sevgin itir, məcburiyyətin isə daim səninlədir… Bax, mən də belə idim…Özümü hazırki həyat şəraitinə məcbur hiss edirdim… Hər gün saat 7-8-də oyanmağa məcbur, kursa getməyə məcbur, ingilis dilini oxumağa məcbur, filmə baxmağa məcbur, kitab oxumağa məcbur, yeməyə məcbur,gəzməyə məcbur, UNİVERSİTETƏ(!) getməyə məcbur hiss edirdim… Halbuki bunları mən sevirdim axı. Bu, mənim seçdiyim həyatdır. Bəs niyə sonra peşman oldum ? Niyə özümü məcbur hiss edirəm? 

Düzəlməli idim… Ya hər şeyi atacaq, ya da hər şeyə sevgi (!) ilə davam edəcəkdim. Seçdiyim həyatdan zövq almaq istəyirdim. Əvvəlcə çıxış yolunu Akif İslamzadənin – “Hər şey gözəldir həyatda” mahnısında gördüm…Olmadı..heç uyğunlaşmadı mənimlə…Süni gəldi. Və sanki hətta müğənni belə bu mahnını oxumağa MƏCBURdur! Daha sonra Özümə zaman ayırmağa qərar verdim. Kursdan sonra bir gün dərsə getmədim. Həmin günü “çoxdandır eləməyi arzu edib, ancaq edə bilmədiklərim”ə ayırdım. Həmişə bütöv bir pizzanı yeməyin necə mümkün olması mənə maraqlı gəlirdi…aaa Bir də hər zaman “ancaq dostlar ilə” gedilən məkanlara tək getməyin necə qəribə olduğunu düşünürdüm. Getdim.Tək idim… Və tək olan da ancaq mən idim. Böyük bir pizza sifariş verdim… Saata baxdım, 13:00 idi, bir də insanlara baxdım…Necə xoşbəxt görünürdülər…Halil Sezainin bir mahnısı ağlıma gəldi, “Nerden bulur bu insanlar, ben mutsuzken gülünecek şeyleri?” Başladım pizzamı yeməyə və özümlə söhbət etməyə (beynimdə təbii ki. hələ o qədər də dəli olmamışam). İlk sualım bu oldu:

  • Mən nə istəyirəm? + Uğurlu bir insan olmaq.
  • İstədiklərim hansı yoldan keçir? + Yorucu bir yoldan.
  • Bunun üçün nə etməliyəm? + Öz üzərimdə çalışmalıyam.
  • Niyə məhz hüquq? + Uşaqlıq arzumdur.
  • Uşaq vaxtı özünü necə təsəvvür edirdin? + Məhkəmə zalında ağıllı nitqlər söyləyən bir vəkil kimi .
  • Arzuna çatmısan? + Az qalıb.  
  • Bəs kursa niyə gedirsən? + İngiliscə əla bilmək üçün və bu dili sevirəm.
  • Əla bilik nəyinə lazımdır? + İelts-da 7.5 + yığmaq üçün.
  • Bəs 7.5? + Xaricdə oxumaq üçün, bu da arzumdur.
  • Deməli, ortada məcburiyyət yoxdur…? Çünki cavablar arzu və istəklərdən ibarətdir… (!)

və s… suallar…cavablar…

Qərar: Mən heç nəyə məcbur deyiləm, mən bu həyatı istəyirəm, hətta arzulayıram… İstəsəm, hər şeyi ata bilərəm, cəsarətim yetəri qədər var. Universiteti, kursu, əhatəmi…Hər şeydən, hər kəsdən sakitcə uzaqlaşacaq gücə sahibəm. Amma bu mənim həqiqətən də istəyimdir mi? Yoxsa sadəcə qəfəsdən qurtulmağı arzulamaq adlı instinkt’dir? Xeyr, anladım ki, heç ortada qəfəs yoxdur, xəyali qəfəsi mən yaratmışam özüm-özümə.Hətta o qədər dar düzəltmişəm ki, nəfəs belə ala bilmirəm-boğuluram…

Saata baxdım…Özümlə söhbətə dalmışam, saat isə 16:30 idi artıq… Pizza bitmişdi… Ətrafımda isə xoşbəxt insanlardan heç biri qalmamışdı. Onların xoşbəxt söhbətləri 10 dəqiqə, yeməkləri isə 15 dəqiqə çəkdi. Və mən anladım ki, insan ilk öncə özü ilə dost olmalıdır, özünü sevməlidir(ego-dan danışmıram, həqiqi sevgi). Ancaq bundan sonra insan başqalarını da sevə bilər, söhbətlərini 10 dəqiqədən artıra bilər, pizzanı isə 15 dəqiqəyə sadəcə yeyə yox, həm də dadından həzz ala bilər. (Xərçəng xəstəliyinə tutulmuş isveçrəli 40 yaşlı bir professor ağlıma gəldi… Deyirdi ki, mən bu çayı içirəmsə, xoşbəxtəm…çünki gözəl ətri, gözəl də dadı var. Bu saniyə nəfəs alıramsa, istədiyim həyatı azad yaşamağım mənasına gəlir. Xəstəlik haqqında isə, “qısqananlar həmişə olub, fikir vermirəm” söyləmişdi. Xəstəlik onun üçün xoşbəxtliyini qısqanan bir məhvum idi. Və həmin professor o paxılı həyatından çıxarmağa müvəffəq oldu! Qayıdaq mövzuya.) Pizzanın dadından həzz aldım.Oturduğum məkandan, gülərüz personaldan, zövqlü musiqilərdən, yaşadığım saniyələrdən, özümdən, daxilimdəki dolub-daşan sevgidən həzz aldım…Biraz da gəzməyə qərar verdim. Glorianın yanından keçəndə, son zamanlar 7 manata “Caramel Nut Chiller” almaq istəyib, amma xəsislikdən 3-4 manatlıq cappuccino ilə əvəzlədiyim ağlıma gəldi. Xəyali qəfəsimdən azad olmağımı qeyd etməyi qərara gəldim… (ŞƏRƏFƏ, ƏZİZ MƏN) … Xoşbəxt idim…Məqsədlər, hədəflər,planlar, yeni hobbylər ilə dolu idi beynim… Tango-ya , üzgüçülüyə yazılmağa qərar verdim.. Üzməyi yaxşı bacarıram, amma özümü məcbur hiss etdiyim üçün ondan da uzaqlaşmışdım. Artıq məcbur deyiləm, istəyirəm. Tango-nu isə bacarmıram, amma artıq bacarmağı arzulayıram və çox maraqlı gəlir mənə… aaa Bir də piano…italyan ya da fransız dili öyrənmək… saat 18:00 idi. Dərsə getməyə qərara gəldim. Məcbur deyildim artıq, bunu həqiqətən istəyirdim və gedib 3cü dərsimə qatıldım. Yolda hər şey, hər kəs mənə o qədər gözəl görünürdü ki…Daxilim sevgi ilə dolub-daşırdı.Hər kəsi çox sevirdim, hər kəsə bacardığım ən səmimi gülümsəməni edirdim… Təbii ki insanlara bu, qəribə gəlirdi. Tanımadığımız insanlara gülümsəmək ?! Bu  ki qəribədir. Bəs qəribə olmayan nədir? Don, soyuq baxışlarla düşmənsayağı əən ciddi şəkildə ətrafındaki insanlara baxmaq mı? Normal – soyuqluq, ciddilik. Anormal – istilik, mülayimlik… Maraqlıdır həqiqətən də… 

Son olaraq, bu adi bir günümün çox “adi”, sadə bir təsviri idi. Kimisi üçün mənasız gələ bilər, kimisi üçün isə tam əksinə çox maraqlı və s. Qərarınız və nəticəniz isə sizə qalmış, düzü bu, məni heç maraqlandırmır da…Məni maraqlandıran, hər kəsin xoşbəxt olmasıdır, həyatda özünü heç nəyə məcbur hiss etməməsidir,istədiyi həyatı yaşamasıdır. Hər bir insanın xoşbəxtliyi digərləri üçün işıqdır. Gəlin ətrafımızdaki boz vakumu dağıdaq…! Bunun üçün isə özümüzə vaxt ayıraq, problemlərimizə, dərdlərimizə vaxt ayıraq, özümüzlə danışaq,söhbətləşək, DOST olaq. – Özümüzü sevək. Həyat çox qısadır. Bir də baxacağıq ki, (yaşımızdan asılı olmadan) sabah yoxuq, və hər şeyi kənardan izləyirik. Bax onda həqiqətən peşman olacayıq. Adi qara çaylar da, adi pizzalar da, yeməklər də, çoox “adi” hadisələr də bizə çoox cəlbedici gələcək. Bax o zaman həsrət ağır gələcək, peşmançılıq isə qəlbimizi ələ keçirəcək.

İndi isəəə mən kompyuter arxasından sizə bacardığım ənnn böyük gülüşü göndərirəm… Və sizi sevirəm… İndi isəəə sən də (!) mənə ən gözəl,səmimi,içdən olan gülüşünü göndər. 

 

ETİRAF: Yazıya çox “negativ” hisslərlə başlamışdım… Sonunu da mənfi’yə bağlayacaqdım hətta…  Amma bacarmadım. Çünki bu yazını yazanda mənim də ürəyim yenə sevgiylə doldu-daşdı…Yaxşı ki bu dəfə “xoşbəxtliyimi” 10 gün əvvəlki kimi “14 manata” (pizza və chiller nəzərdə tuturam) yox, məhz pulsuz əldə etdim….! Bu arada Akif Islamzadə yenə ” Hər şey gözəldir bu həyatda” deyir… “Sən bu gözəlliyi anlaya, duya bilsən…”