Monthly Archives: June 2016

1 gün, 1 ay, 1 fəsil, 1 il daha … keçirdi

11MillionReasonsRedShoes_Photo-by-Sean-Goldthorpe-for-People-Dancing-commission-copy--940x520

 

15 yaşı var idi bu xəstəliyə düçar olanda.İlk öncə əlləri üzərində hissiyatını itirdi, daha sonra isə ayaqları. Xəstəliyinin adını,səbəbini heç zaman öyrənə bilmədi ,çünki maddiyyat qarşısında sədd idi. Bildiyi sadəcə bir şey var idi – həyatın onu “hamı kimi” olmaqdan məhrum etməsi. Fiziki yoxsulluq onu cəmiyyətə,həyata düşmən etdi. Sahiblik etmək üçün gəldiyi ömründə isə qonağa çevrildi. Mübarizə aparmaq kimi xəyallara daldı ilk öncə, amma nəyin mübarizəsini aparacaqdı? Yaşamağın, yoxsa “hamı kimi” olmağın? Yaşamağın, əlbəttə ki. Çünki ancaq yaşamağa qüvvəsi çatardı. Bəs yaşamaq nədir? Yalnızca nəfəs almaq mı? Beşinci mərtəbədə pəncərənin kənarında oturub küçədə axan həyatı, “hamı”ları izləyərkən onlardan biri olmağın mübarizəsini apara bilməyəcəkdi,məsələn. Pəncərədən kənardaki həyatın içinə daxil olsa belə, axa bilməzdi, sadəcə axan suyun üzərinə düşən bir daş olacaqdı – ağır, tərpənməz bir yük kimi, bir az da irəliyə getsək, suyun axarına düşən maneə. Nə qəribədir həyat. Hardasa bir yerdə oxumuşdu ki, “həyat –  onu yaşaya bilənlərindir” … xeyr… Həyat – seçilmişlərindir. Hansı ki həyatı yaşaya bilmək bacarığı və imkanları da sırf onlar üçün təqdim olunmuşdu. Çox toxunurdu qüruruna bir anda seçilmişlər sırasından uzaqda qalmaq.. amma kim anlayardı onu? Kim anlayardı onun qürurunu? Qürur ancaq seçilmişlərə məxsus deyil mi?  İnsanlar ancaq ürəkyanğısı ilə yanaşa bilərdi ona – “seçilməmişlər”dən olduğu üçün … başqa da heçnə. Həyat nə qəribədir, kimisi həyatın nəbzini tutur, kimisi isə sadəcə alıb-verdiyi nəfəsin. O da bunu edirdi, alıb-verdiyi hər nəfəs onun ağlında, ürəyində idi… 1 gün, 1 ay, 1 fəsil, 1 il daha … keçirdi. Ancaq fəsillər onun gözlərində,bədənində yox, nəbzində, ruhunda dəyişirdi… Biz həyata tutunanda, o iki təkərli əlil arabasına tutunurdu…

başa düşmürdülər…başa düşmürdük …