Monthly Archives: April 2016

Cızma -Qara

 

Həyat xatirələrdən ibarətdir deyirlər. Və mənə həmişə maraqlı gəlir ki, bəs o xatirələr silinsə necə olacaq? Həyatdan da silinir həmin kadrlar onda? Heç yaşanmamış kimi? Dünən sən hansısa pişiyi sığallayırdın, əgər sonralar yadından çıxsa, demək o pişik heç sığallanmamışdırmı? Bəlkə  hə, bəlkə də yox…Bəlkə də xatirə elə sübutdur? nəyin sübutu?-hərəkətlərimizin? Yox,məncə xatirələr həyatın sübutudur,yaşamın sübutudur…Xatirələr yaranır, dildən-dilə dolanır, sonra isə yeniləri yaranır, əvvəlkilər köhnəlir, və getgedə sıradan çıxır… Milyon illərdir həyat bu cür davam edir…və hələ milyon-milyon illər də bu cür davam edəcək… bizlərdən çox gələcək, xatirələrdən də çox yaranacaq… bizim xatirələr də dildən-dilə gəzəcək, yaxşı və ya pis birisi kimi qalacağıq kimlərinsə yaddaşında…sonra cismimiz kimi xatirələrimiz də köhnələcək və əbədi silinəcək bu fani dünyadan – heç yaşamamış kimi… doğrularımız,yalnışlarımız; pislərimiz,yaxşılarımız özümüzə qalacaq – heç edilməmiş kimi… Nə qəribədir, heç ölməyəcəkmiş kimi yaşayırıq və heç yaşamamış kimi də ölürük…

Balaca uşaq

89aa3098f6bca40a749f1c9245b55589

 

Bugün məhlələrin birindən keçirdim, 7-8 yaşlı oğlan uşağının yerdə oturub ağladığını gördüm. Deməli, bunların məhləsində 15-16 yaşlı oğlanlardan ibarət mafiya varmış, kiçik yaşlı uşaqlardan pul istəyir, vermədikdə isə onları vəhşicəsinə döyürlər. Və bu uşaq da həmin mafiyanın qurbanlarından biri idi. Yazıq uşağın şalvarı cırılmış, əlləri-qolları isə bütün qan içində idi. Məhlə sakinləri isə bu uşağa ancaq pəncərədən baxır və öz uşaqlarını təcili evə çağırırlar ki, “mama qurban, tez qalx yuxarı, birdən sənə də nəsə eliyərlər.” Mənə elə pis təsir elədi ki bu mənzərə. Yəni bu ‘eqoizm’ deyilən şey uşaqlara ta balacalıqdan bəri məhz valideynlər tərəfindən keçirmiş. Təsəvvür edin, uşaq qan içində ağlayır, camaat isə “təki mənim uşağıma bir şey olmasın” deyib kənardan film kimi izləyir ancaq…
İşin digər tərəfi, uşaq biraz özünə gələndən sonra ondan anasının nömrəsini istədim. Nömrəni vermədi ki, ‘anam məktəbdə xadimə işləyir, indi mənə görə işini qoyub gəlsə, onu qovarlar…’

Evə gələndən ağlımda bir sual fırlanır: ” Hansı analar daha cəfakeşdir? Bütün ehtiyacların ödənildiyi ev şəraitində uşağını naz-qəmzə ilə böyüdən, ona mənəvi dəstək verən, hər zaman yanında olan ana mı? Yoxsa ehtiyaclar ucbatından hər çətinliyə qatlanıb pul qazanaraq uşağının maddi ehtiyaclarını ödəməyə çalışan, evə yorğun və tükənmiş halda gəldikdən sonra isə artıq balasının mənəvi ehtiyaclarının qayğısına qalmağa enerjisi çatmayan ana mı? “  Cavab axtarmayın, yoxdur çünki…

Qəmgin notlar

(c) Tate; Supplied by The Public Catalogue Foundation

 

7-ci sinifdə müəllimimiz bizə “Qarabağ məsələsi sülh yolu ilə həll edilməlidir” mövzusunda inşa vermişdi. 13 yaşlı mən o inşanın məğzini “Ya Qarabağ, ya ölüm, Başqa yol yox artıq!” olaraq dəyişdirmişdim. Üzərindən 8 il keçib və ürəyim, beynim,düşüncələrim dünya görüşüm 8 il böyüyüb artıq.  8il əvvəl mən ölmək, öldürmək düşünmürdüm, 8 il əvvəl mən insan həyatının dəyərini ölçüb-biçə bilməmişdim, 8 il əvvəl mən MÜHARİBƏNİN NƏ DEMƏK OLDUĞUNU BİLMİRDİM… Lakin indi bunların hamısını mən dərk edirəm. Mən başqaları kimi xalqı kütlə olaraq qiymətləndirmirəm, mən hər kəsə subyektiv yanaşıram. Bəziləri qeyd edir ki, “bütöv xalq üçün 90 şəhid nədir ki, mən elə bir məhlədən 100 şəhid gözləyirdim.”, digərləri isə  “biz intiqamımızı 1 milyon gəncin qanı bahasına da olsa almalıyıq”deyə bildirir… 700 bala yaxın toplamış bir gənc “cəbhəyə həbsdəki yararsız gənclərdən yığıb aparmaq lazımdır” kimi fikirlər səsləndirir , avtobusdaki bir ana isə “mən hər gün dua edirəm ki, oğlum şəhid düşsün və mənim də bu xalqa xeyrim dəysin” deyə qışqırır. Baxıram ətrafıma, baxıram insanlara… “Bunları müharibə mi belə vəhşiləşdırdi? Yoxsa daxillərindəki vəhşilik mi buxovlardan azad olundu?” … 1 milyon gəncin qan qoxusunu duymağa hazır olan insan, iyrəncsən… Bir məhlədən 100 şəhid gözləyən insan, iyrəncsən… Oğlunun ölməyini arzulayan qəddar “ana”, səndən iyrənirəm ! … “Ağıllı” olduğun üçün cəbhədəki yerini azadlıqdan məhrum olmuş insanlara verən, özün isə kompyuter arxasında tövsiyələr verməklə məşğul olan insan, iyrəncsən !   1 milyon gəncin ölümü, 1 milyon evdən çıxan ah-nalənin səsidir, 1 milyon məhv olmuş həyatlardır, sönən ümidlərdir. 1 milyon gəncin qanı xarabalıqdır.  Bu insanlar o qədər ” müharibə, qan, intiqam” deyir ki, Qarabağ qalıb qıraqda, bunlar müharibə, ölüm arzulayır. Məqsəd Qarabağın azadlığından çıxmış, qanlı intiqama doğru irəliləyir…

İşin başqa bir tərəfi, müharibə ancaq kasıbların qeyrətlə vuruşduğu bir yerdir, yalnız kasıbların canı bahasına qazanılar qalibiyyətlər və ya məğlubiyyətlərdir. Siz heç firma, şirkət sahibinin oğlunun şəhid olduğunu görmüsünüz? Bir villadan şəhid çıxdığını görmüsünüz? Kəndlərdə anaların gözünün ağı-qarası olan, min bir əzab-əziyyət,yoxsulluq içərisində böyütdüyü, övladlarının isə bunun qarşılığında gecə-gündüz oxuyub ali məktəblərə qəbul olduğu və sdipendiyasını qəpik-qəpik yığıb kənddəki anasına göndərən gənclər olur şəhid. Ancaq onlar sevir Vətəni və ancaq onlar ölür. Varlılar isə müəyyən tövsiyələr verir, insanları ölümə səsləyir, bir də bayraqla meydanlara çıxıb “Ya Qarabağ, ya ölüm, başqa yol yox artıq!” deyə qışqıraraq şəkillər çəkdirir…  Bax belə…