Monthly Archives: December 2015

Onlar görünməz olmağı necə bacarır?

homeless_by_getoart-d6gd0dv

Hər bir əşyanın yararlılıq müddəti vardır. Müəyyən bir müddət keçdikdən sonra əşya öz yararlılığını itirir. Həmin zaman müddətini bizim ehtiyac dövrümüzlə də əlaqəndirə bilərəm. Məsələn, götürək elə bir şam ağacını… yaz,yay,payız saya-hesaba salmadığımız bir ağac qışın 2 ayı niyəsə bizim üçün çox dəyərli olur.Hər evdə ona böyük qayğı bəslənir, bəzədilir, onu evə qonaq kimi gətirmək üçün nə qədər pul sayılır və s…Çünki ehtiyac duyuruq…Fevralda isə ehtiyacımız sönür və həvəslə bəzədiyimiz bir ağacı çılpaq vəziyyətə salıb atırıq bir kənara. Yəni bu adi, olması lazım gələn bir prosedurdur…

Bu ağacla bağlı fikirlərimdən çıxış edərək deyim ki,mənim düşüncəmdə, elə insan da əşyadan,ağacdan fərqlənmir. İnsanı elə indi içdiyim südə bənzədirəm…bu süd bu saniyə mənim üçün faydalıdır, ziyansızdır,eyni zamanda dadı da pis deyil. Və 3 şərt daxilində artıq bu süd mənim üçün dəyərlilik halı daşımış olur. İnsan da belə deyilmi? Cəmiyyət üçün faydalıdırsa,ziyansızdırsa və ümumi xarici görünüş kriteriyalarına uyğun gəlirsə, yararlıdır. Lakin artıq xəstədirsə, ailə və ya cəmiyyət üçün yeni-yeni faydalar qazandırmısa, yarasızdır, o insan tapdalanır,əzilir…Hər kəs tərəfindən,istər yaxınları,istərsə də tanımadıqları…

Bir neçə ay bundan əvvəl kafelərin birində qoca bir kişi diqqətimi çəkmişdi. Keçmişdə keyfiyyətli olduğu görünsə də, lakin indi istifadəyə yaramayan geyimləri qoca kişinin yalnız olduğundan xəbər verirdi. Girib sadəcə isti bir çay istədi işcilərdən. Ancaq heç kəs onu görmürdü,eşitmirdi.. Xidməti vəzifələr insanlıq vəzifələrini üstələyirmiş bəzən… Sözümü hara gətirirəm..? O qocanı görünməz edən yararlılıq müddətinin keçməsi idi. O həmişə elə görünməz olmayıb,küçələrdə yaşamayıb əlbət . O da nə vaxtsa işləyib, evinə pul aparıb,ailə sahibi olub, ailədə lazımlı olub,uşaqlarına gərək olub.Ancaq bu gün ,güman ki,o,xəstə idi, ailə üçün yararlı deyildi,faydasızdı, eləcə də cəmiyyət üçün…O çayın pulunu verə bilməyəcəkdi, bu baxımdan da görünməz idi..Uşaq vaxtı bizə öyrədirdilər ki, qocalara yer vermək bizim borcumuzdur…Böyüdükcə o qocaların ,”hələ yararlılıq müddəti keçməmiş” qocalar olduğunu da öyrətdi həyat bizə.  Amma tək qocalar da deyil bu həyatın “yararsız”ları… Uşaq evlərindəki balacalar, xəstələr,atılmışlar – hamısı yararsızdırlar,hamısı…Hətta eləsi var ki, “yararlılıq müddəti” adlı nişana belə sahib olmamış,sanki heç doğulmadan yaşamış və ölmüşlər…Sonra da deyirsiniz ki,sehirli dünya yoxdur…Yoxdursa bəs onlar görünməz olmağı necə bacarır?