Monthly Archives: September 2015

Səpələnmiş keyfiyyətlər

fullsizerender

 

Həyat dardır, eyni zamanda geniş. Bir neçə il əvvəl 4 divardan ibarət zənn etdiyim həyatda indi mən künc tapmıram. Xeyr, qısılmaq üçün deyil,gizlənmək üçün deyil, sərhədləri müəyyən etmək üçün axtarıram sadəcə. Sərhədləri… Bütün bu duyğusuzluqların,düşüncəsizliklərin,hissiyatsızlıqların sərhədlərini axtarıram mən. Yaşamaq üçün lazım olan mübarizənin sərhədini…Varmı? Bəlkə də heç yoxdur…Yaşamaq üçün mübarizə aparmaq lazımdır, hansı ki son zamanlar ən çox eşitdiyim cümlədir. Bəs bu mübarizə zamanı itirdiklərimiz? İtirdikcə genişlənir sərhədlər. Vicdanımızı itirdikcə pisliklərin sərhədi…hisslərimizi itirdikcə vurulan zərbələrin sərhədi genişlənir. Və beləliklə divarlar qırılır, nağıllar bitir, göydən də artıq almalar düşmür… Divarlar uşaqlıqda qalıb artıq.Keçmişdə yalnızca həmin divarların daxilində idi pisliyimiz də,yaxşılığımız da…ondan kənara çıxmırdı…Sərhədləri vardı.Dayanırdıq, dayandırılırdıq…Bəs indi? İndi isə həmin yaxşılıq və pisliklər yaşamaq vasitəmizə çevrilib…İstifadə edirik onlardan.Robotlaşıb onlar.Daha doğrusu,robotlaşdırmışıq. Sonsuz üzlülükdən çıxıb bizimki artıq.Daha təhlükəli olmağa başlamışıq, daha bic… Sərhədlər yoxdur.Sərhəd üçün vicdan lazımdır, hansı ki arxaik lüğətlərdə rast gələ biləcəyimiz sözdür bu artıq. Bir ananın yaşamaq üçün öz övladlarından imtina etdiyi dünyanın sərhədlərindən yazmaq da mənasız idi, onsuz da… İnsani keyfiyyətlərimizi yaşamaq uğrunda mübarizə zamanı lazımsız əşya kimi torpağa səpdik…tulladıq…Çünki bizə lazım deyildi…olmayacaq da…kimə lazımdırsa “əyilsin” və götürsün.