Monthly Archives: May 2015

Əzəmətli,ancaq…

4169960-pleasant-sunsetBiz insanlar o qədər fərqliyiq ki…Bəlkə də istifadə etmək istədiyim anlayış sırf fərqli də deyil. Ən yumşaq ifadə kimi ancaq bu sözü tapa bilirəm… “FƏRQLİ” …Biz insanlar  “mənafe” qurbanlarıyıq…”şöhrət” qurbanlarıyıq.O vəziyyətə çatmışıq ki, artıq “mən-ego” insanı , başqa insanlar bir kənara, öz ailəndən belə daha çox maraqlandırır. Olması lazım gələn də budur elə bəlkə?… “Mən” bizim yoğrulmuş mayamızmı? ya konstitusiyon normamızmı?…hansı ki ” ‘mən-ego’a doğru getmək” olması lazım gələn bir hal kimi vacib sayılaraq norma şəklinə alınmış…Olması lazım gələn…Bəs olması arzu edilən…? İdeal cəmiyyət baxımından normalarda “olması arzu edilənlərə” də yer varmı?… yoxsa ideallıq bizim cəmiyyətimizin,insanlığımızın boyunu aşarmı? Fikirdən sual, sualdan isə suallar doğur, sonra hər şey qarışır, qarışanları toplayırsan, yenə bir fikir…yeni mi? yox, sadəcə nöqtəli,vergüllü və yazıya alınmış fikir…

 Şöhrət…Şöhrət bizim qurbanımızdır, ya biz şöhrətin…? Əvvəlcə yaxşı həyat arzulayırıq, bunun üçün çalışırıq, sonra o həyatı qazanırıq, ya da tapırıq,hər nəysə. Və güzgüdən özümüzə baxanda, o yaxşı həyatın içində özümüzü daha gözəl görürük.Və istəyirik ki, bu “gözəlliyimizi” tək biz yox, hər kəs görsün…sonra başa düşürük ki,gözəl olan biz yox, əlimizdəkilərdir…və bu dəfə artıq özümüzü deyil, əlimizdəkiləri insanların diqqətinə çatdırmaq istəyirik…İstəyirik insanlar bilsin ki, bizim əlimizdə gözəlliklər var…daha sonra isə get-gedə bu cümlə dəyişir və “bizim əlimizdəkilər gözəldir” deyə səslənməyə başlayır.. “Bizim əlimizdə gözəlliklər var” sədası həmin “gözəlliklərlə” bərabər doğan ya da böyüyən GÜCün səsidir… “Bizim əlimizdəkilər gözəldir” isə GÜCün artıq hökmranlıq etdiyi səmadan qopardığı ildırımın səsidir… Bax şöhrət budur…mən budur… “mən-ego”da yanan körpələr yoxdur, susuz qocalar yoxdur…”Mən” ağrımır. “Mən” riyakardır. Onun sağı-solu yoxdur, arxası yoxdur.Ancaq önü var…Tikdikləri yoxdur,yıxdıqları var… Və “Mən” in sonu tənha Günəşin taxtıdır…Əzəmətli…ancaq yalnız.

Yenidən

Lonely_Fairy_in_the_Moonlight_by_music50933Uzun bir yolda addımlayarsan.Nə arxaya gücün olar baxmağa, nə də önündəkiləri görməyə imkanın… Sadəcə irəliyə addımlayarsan dümdüz.Arada döngələr də çıxar qarşına; ya cəsarət edib dönərsən bu yoldan, və  bu döngə yolunu tamam dəyişər.Əgər yeni yolun maraqlı olsa, xoşbəxtlik deyərsən adına, maraqsız olsa isə ,səhv… Ya da heç cəsarət edib dönmərsən…Buna isə qismət deyərsən… Yol boyunca düzülən işıq dirəkləri görərsən.Faydası yolunu işıqlandırmasında,müəyyən qədər önünü sezməndədir.Bunun adı isə ümiddir. Addımladığın müddətcə o işıq dirəkləri, həmişə vardır. Eynən yaşadığın müddətcə çarənin, ümidin olduğu kimi. Amma bəzən itirərsən o ümidi … Bu zaman çarən tükənmiş deməkdir. Çarə tükənəndə isə ümid ağlayar…Gizlənər və sakit,səssiz sadəcə ağlayar… Bu zaman bir ulduz parlar göydən çarə adlı. Ümid isə gülümsəyər…  Və bu yeni çarələrlə, ümidlərlə hər şey yenidən davam edər…Yenidən …