Monthly Archives: January 2015

Yeni bir səhər daha…Yeni ümidlər,yeni səbəblər…

flying-seagull-at-sunrise_00444914

Yeni bir səhər daha…Yeni ümidlər,yeni səbəblər… Kimisi üçün bu səhər dünənkindən fərqlənmir,eynidir, lakin kimisi üçün isə fərqlidir, kimisi üçün ilkdir, kimisi üçün isə sondur bu səhər. Əslində sübhün rəmzi eynidir və bu gün də eyni qaydada doğmuş. Fərqli olan bizlərin baxış tərzləri, hiss etdikləri duyğulardır. Məhz bunlar edir səhəri (və ya səhərləri) fərqli. 

Kasıb bir dilənçi üçün bu səhər 1-0 məğlub başlayan həyatının davamıdır. Onun bu səhər doğan günəşi fərqli etmək üçün heç bir baxışı,baxış tərzi yoxdur.Çünki onun ağlında ancaq bir məqsəd,çatmalı olduğu bir hədəf var: “Ac qalmamaq”, “Üşüməmək”… dilənçi uşaqların isə bu səhər işlətdiyi bir söz var: “Kaş”.  Amma onların nə dünənki, nə bugünki, nə də növbəti səhərlərdə fərqli olan baxışları, duyğuları yoxdur ki, günəşləri də fərqli olsun…Çünki onların ümidləri yoxdur… Sabah ümiddir. Onlar sabahları yox, dünənlərin davamını yaşayır.

Anasını yenicə itirən qız üçün səhər qaranlıqdır. Bugün günəş onun üçün doğmamış.Bugün onun nə baxışı, nə də hissləri var. Qız zamanı dondurub. Ya da elə zənn edir. Zaman isə qızı səssizcə sığallayaraq gələcək şəfəqə doğru yönəltməyə çalışır. Nə fayda, gələcək şəfəqlərdə artıq anası olmayacaq… Lakin gün gələcək günəş onun üçün doğacaq, ona tərəf şəfəq saçacaq. Və həmin gün qız çoxlarından daha güclü olacaq, çünki öz gücünü hiss etməklə bərabər, anasının gücünü qəlbində daşıyacaq…

Qara paltolu oğlan isə bu gün yeni ölkədə yeni həyata başlayır.Hər kəsdən,hər şeydən uzaq… Bu səhər günəş bəlkə də onun üçün doğmuş. Bu gün o oğlan gözlərində ümid, qəlbində fərqli hisslərlə arzuladığı gələcəyə ilk addımlarını atır. Arzuladığı gələcək həqiqətən də xoşbəxt olacağı bir həyatmı,-biz deyə bilmərik. “Gələcək”  gələcək və özü göstərəcək…

Balaca körpə isə bugün qaranlıqdan çıxır…Ağlayır.Ancaq anası yanında. Körpə üçün bu səhər ilkdir. Səhər körpəni anası və atası ilə tanış edir, günəşi isə hədiyyə edir. Körpə bunu hələ başa düşmür, ancaq günəşin hər tərəfi aydınlatması ilə bərabər, hərarətini də hiss edir. Lakin körpə üçün bunun əhəmiyyəti yoxdur.Çünki anası yanındadır.Nə qədər ağlasa da, anası onu qucağına alaraq, körpəyə güvənc hədiyyə edir. Körpə nə çox hədiyyələr alır bu səhər…bir gün hər şeyi bir anda itirəcəyini bilmədən…

Yaşlı kişi isə bu səhər oyanmır…Açılan səhəri,doğan günəşi bugun o artıq görmür.Ancaq bəlkə də görür,sadəcə artıq həç nəyə müdaxilə etmir və heç nə də ona müdaxilə etmir…Yaxşılıq bəxş etdiyi insanların dualarından özünə qanadlar düzəldərək bu səhəri doğulan körpələrə təhvil verir…O azaddır,hətta xoşbəxtdir. 

Bu siyahı, bu insanlar uzandıqca uzanar. Çünki biz çoxuq, baxışlarımız çoxdur,hisslərimiz çoxdur, günəş isə təkdir. Sizin hansı baxışla baxmağınızdan, hansı hisslər daşımağınızdan asılı olmayaraq, günəş hər səhər hər birimizin üzünə gülür.Hər birimizin üzünə hiss etdirmədən bir öpücük qondurur… Yeni səhərlər, yeni günəşlər, yeni ümidlər diləyi ilə...

Nostalgia

SONY DSC13-14 il əvvəl bir yol çantam vardı. Babam həmişə həftə sonları bağa gedəndə, o çantamı taxıb onun arxasıyca gedərdim. Səhər 6-da durardiq ki istiyə düşməyək (babamın yazılmamış qanunları -_-) Ve 10 qoğal alardıq, hansı ki 9unu mən yeyərdim. Baba tez-tez gedərdi, men ise mahnı oxuya-oxuya ona çatmağa çalışardim. Ve avtobusumuz bağdan çox-çox uzaqda dayanardı. Ve o 1 saatliq yolu biz çox çətinliklə birtəhər bağımıza çatardıq. Əvvəl-əvvəl çox maraqlı gəlsə də, sonralar rəsmən bir işgəncə idi mənim üçün. Səhər 6da dur, o boyda yol get, bağda 3 gün heçnə etmədən sadəcə otur.(heç kim qalmadigi üçün televizorumuz yox idi bağda.melum telefon da yoxdu o zamanlar) Baba ağacları suluyur, men isə darıxdığımdan eləcə qoğal yeyirdim. ))) Amma heç zaman səsimi çıxarmırdim. Sifət belə eləmirdim ki darıxıram. Çünki bu cür olmalı idi. Hətta evdəkilər “getmə” -deyəndə belə, “yoox ne danışırsan, mənə çox maraqlıdır, baba mənsiz sulaya bilmez ki ağacları.darıxar” -deyirdim.Indi özümə sual verirəm ki susmağımı lazım bilən hisslərin adı nə idi?… Qorxumu? Yəni babadan çəkinirdim? Yox… Sadəcə saf, hətta çox saf olan sevgi ve hörmət… Bəs indi? Indi de heçnə, həftədə 1 dəfə zəng vursam yaxşıdı )) səbəb nedir? Sevgi ve hörmətim itibmi ki? Yox. Sadəcə egoistliyim artıb. Xırda işlərə o qədər başım qarışır ki, ətrafımda kimlərin olub, kimlərin olmadığının fərqine belə varmıram… Varanda bəlkə de gec olacaq. Ve bir şeyi de əlavə edim ki, tanışlarım açıq sözlüyüme gore həmişə küsürlər məndən, amma hörmətli tanışlar, bir şeyi bilin ki, mən de egoistem. Əslində hamımız egoistik… ve ne maraqlıdır ki dünya 7 milyard yerə parçalanaraq hərəmizin ətrafında ayrıca dolanır…. nəysə nostalgia…