Müasirlik. Müasirlik dedikdə ilk ağlımıza gələn nə olur? Gəlin günü-gündən müasirləşən, ya da ,necə deyərlər, avropalaşan ailələrimizə nəzər salaq.
Bizim “müasir” azərbaycanlı ailələrimiz üçün qızların yüksək təhsil alması qətiyyən məqsədə uyğun deyildir. Qız kim, yüksək yerdə çalışmaq kim? Aysel 500 dən çox bal yığmışdır zəhməti və biliyi ilə. Amma Aysel üçün ən münasib ixtisas ingilis dili müəlliməliyidir. Özü də Azərbaycanda. Ailəsinin dizinin dibində. Aysel hüquqa girə bilməz. Hələ-hələ xaricdə ümumiyyətlə olmaz. Səbəb? Aysel orda pis yollara gedər(pis yola getmək istəyən sanki Bakıda gedə bilmirmiş kimi). Ayseli qayıdanda heç bir oğlan almaz ki, nəyimə lazımdı xaricdə oxuyub gələn qız? Aysel hüquqa da girə bilməz. Aysel prokuror olacaq? Yox bir! Prokuror qızı hansı oğlan alar? Ya da olsun hakim qız. Heç Aysel işləməsə də, Aysel hüquq qurtarıb ee,-deyəcəklər.Hüququn adı belə təhlükəlidir.Ayselə Allah bilir orda nələr öyrədəcəklər. Hüquqlarını biləcək Aysel orda. Əri döyəndə, birdən Aysel boşanmaq istəyər. Axı o özü özünün haqlarını bilmiş olacaq, əzilmək istəməyəcək. Bu bizim müasirləşən Azərbaycanımızda qalan naşı adətlərimizdir. (təbii ki hər ailələrə şamil olunmur)
İndi isə Ayselin ailəsindəki əsl müasirliklərdən danışacam. Bəs Ayselə nələr olar bu günü gündən müasirləşən ölkəmizdə? Ayselə gündə bir oğlanla görüşmək və etikasız hərəkətlər etmək olar. Bir şərtlə ki atasının qulağına getməsin.Bu işlərə də evdəki ana baxır. Oğlanla niyə görüşmək olar? Çünki Ayselin evdə qalması Azərbaycanın yazılmamış qanunlarına görə əsl biyabırçılıqdır!!! Və Aysel əvvəl-axır birini tapmalıdır. Etikasız hərəkətləriylə isə oğlanı daha da özünə bağlamalıdır. Aysel evlənmək istəməsə, deməli, onun ciddi psixoloji problemləri var. Az qalsın ki, psixoloqa müayinəyə getməlidir yazacaqdım ki, ağlıma gəldi ki, Azərbaycanda psixoloqa gedənlərə pis baxırlar. Çünki ölkəmizə görə ancaq “dəliler” psixoloji yardım ala bilər. Aha, Aysel neynəməlidir deməli? Aysel oğlan tapa bilmirsə, anasının dəyərli göstərişi ilə yubkası günü-gündən qısalmalıdır. Ki daha cazibədar olsun. Amma Aysel bunu evdə yox, liftdə eləməlidir. Ki “ailə başçısından” ayıbdır.
Bu arada Aysel facebooka girməməlidir qətiyyən!!! Çünki facebooka girən qızlara pis baxırlar. Və Aysel neynəməlidir? Ayseldə çarə tükənməz. Aysel “Ayka Dəcəlka” kimi fake hesablar açacaq. Amma Ayseli qınamayın, məcburdu. “Evlənmək üçün”. Deməli, Aysel və anası çox uzun yollardan sonra bir oğlan tapırlar. Bu arada Ayselin 16 yaşı hələ olmayıb. Düzdür, oğlanın 35 yaşı var, saçı “birazca” tökülüb, qalan saçı da ağarıb, biraz qarnı da var və s. Amma oğlanın yaxşı işi var. Təzə bazarda neçə dənə tərəvəz şöbəsi var. Sədərəkdə yaxşı mal satır və s. Bir sözlə oğlan qoçaqdı və Ayselə yaxşı baxacaq. Və Aysel sevincək oğlanla evlənir. Bu arada Aysel oğlanla indiyənədək bir kəlmə kəsməyib. Oğlanın səsinin necə olduğunu belə bilmir. Bəlkə də oğlan zəng vurub zarafatca “Güneli olar?” -desə, Aysel “dayı, səhv yerə düşmüsüz” – deyəcək. Hardan bilsin axı Aysel ki zəng vuran dayı əslində Ayselin hörmətli gələcək “həyat yoldaşı”-dır. Deməli Aysel evlənir. Ayselin evdəki 1 nömrəli vəzifəsi 35 yaşlı dayının qarnına nəzarət etməkdir. Ki birdən arıqlayar. Ayseli boşayarlar ki, pis baxır ərinə. Bu arada 2-3 il keçib, Ayselin hələ də uşağı yoxdur. Bu zaman nə olur? 37 yaşlı kişi ilə 18 yaşli Aysel arasındaki nikah Azərbaycan adət-ənənələrinə görə dağılır. Məhkəmədə səbəb kimi “şiddətli keçimsizlik” göstərilir praktikaya görə. Çünki “uşağımız yoxdur” adlı boşanmaq səbəbi Ailə Məcəlləmizdə göstərilməmişdir. Amma bizim azərbaycanlı ailələrimizdə çarələr tükənmir. Qayıdaq Ayselə. Aysel qaldımı tək tənha? Ayseli indi ailəsi qəbul eləmir ki, boşanmış qızı biz neynəyək? Yaxşı ailənin qızı boşanmaz! Ağlı olardı Ayselin, uşaq gətirərdi dünyaya. Və Ayseli bundan sonra heç bir oğlan da almayacaq. Çünki Azərbaycan yazılmamış qanunlarına görə yaxşı oğlan boşanmış qız almaz! Bax belə. Aysel qaldı çöldə. Ayselin təhsili yox, diplomu yox, savadı yox.- Ki bir iş tapıb işləsin, başını salmağa da bir ev tapsın. Niyə? Çünki Aysel 16 ilini o 35 yaşlı kişini tapmağa sərf eləmişdi. Bütün məntiqi,beyni, vaxtı o fəaliyyətə yönəlmişdi. Əslində ingilis dili müəlliməsi olmaq istəyərdi. Olacaqdı da. Amma evlilik kimi müqəddəs bir vəzifəyə dəyişə bilməzdi o təhsili. Və Ayselin axrı necə olur? Heç nə ! Aysel yaşamaq üçün “başqa” yollara əl atır. Ya da yaşamamağı “o yollardan” üstün sayır. Beləliklə, Azərbaycan bu yazılmamış qanunlar ucbatından bir Ayseli itirir. Amma o Aysel tək deyil. O Aysellər 100lərcə, 1000lərcədi. Və biz onları gözümüz görə-görə itiririk.
Amma təbii ki başqa ailələrimiz də var. Hansi ki qızlarına və oğlanlarına dəstək verib oxudan, hətta bununla kifayətlənməyib xaricdə daha uyğun təhsil alacağını düşünən ailələrimiz də var. Hansi ki övladlarının təhsili ilə fəxr edən analarımız,atalarımız var. Ağıllı,savadlı həyat yoldaşı arzulayan oğlanlarımız var. Yüksək kariyera quran yaxşı qızlarımız var.Əl-ələ verib pul qazanan cütlüklərimiz var. Və onların qurduqları düzgün ailələr də var. Sırf “tək qalmamaq üçün evlənmək” düşüncəsinə mənasız baxan gənclərimiz var. Öz ruhlarına, savadlarına, dünya görüşünə uyğun olaraq ailə məsləhətilə və ya ilk baxışdan vurularaq ailə quran qızlarımız da var. O qızların möhkəm qanadları altında böyüyən uşaqlarımız, xoşbəxt olan oğullarımız da var. Hansı ki o oğlanların özləri də vaxtilə oxumağı “qızlarla vaxt keçirmək” -dən üstün saymışlar. Və ağlı başında 2 gəncin qurduqları ailənin timsalında böyüyən sağlam ruhlu övladlarımız da var. Unutmayin, müasirlik oğlanlarla “səmimiliyin” dozunu qaçırmaqda,paltarların açıqlığını soyunmaq səviyyəsinə gətirməkdə,universitetlərdə abırsız hərəkətlər etməkdə deyil! Təhsildə,kariyerada, mənalı gələcək qurmaqda, sosial fəaliyət sahənin genişlənməsində, sərhədlər daxilində əylənməkdə və asüdə vaxt keçirməkdən ibarətdir!
Müasirlikdən qorxmayın! “Başqa yollar” arzulayan gənclərimiz o yolları köhnəlikdə də tapa bilər.Müasirlik sadəcə o yollara geyindirdiyimiz dondur.
Son olaraq isə, qərar sizindir! Ya Aysel olun, ya da Ağıllı olun!