Dilemma (?)

Dinlə

Mənim uşaq vaxtı ancaq bir dostum var idi: Allah baba. Həmişə tək qalanda danışdığım yeganə adam idi. Mən çox yalnız olmuşammış uşaq vaxtı, getgedə fərqinə varıram. Amma həm də yalnız deyildim. Allah baba var idi. Müəlliməm döyəndə, evdəkilər cəzalandırıb çoxlu dərs oxudanda, məhlədəkilər məni oynatmayanda həmişə Allah baba vardı. O, həmişə yanımda idi; mənə qulaq asırdı, məsləhət verirdi, mənlə oynayırdı. Sonuncu “gecən xeyrə qalsın”ı mən həmişə ona deyərdim..

“Allah baba, sən anamı, atamı, qardaşımı, nənəmi, babamı, xalalarımı,bibilərimi,əmimi,dayımı,atamın-anamın xalalarını,bibilərini,dayıların,əmilərini, qonşularımız Sevda xalanı, ailəsini, Gulmirə xalanı, Xanım xalanı, ailələrini, bağçadaki Aydanı və s..və s.. qoru. Heç biri ölməsin.Gecəniz xeyrə.”

Bir səhər atamın xalası öldü.. mən 1 ay atamın üzünə baxa bilmədim..çünki həmin günün gecəsi xalasının adını çəkməyi unutmuşdum duamda. Günahkar idim.

Bir səhər ən yaaxınn dostum Aydan bağçadan çıxdı. bir də gəlmədi. 3 il mən Aydan dedim, Aydan eşitdim.. Taa məktəbə gedənə qədər. Hər gecə “Allahım Aydanı da çox istəyin, mən onu çox istəyirəm” deyə xahişlər edirdim. 3 ildən sonra anam Aydanın anasını tapdı və məni Aydanla görüşdürdülər. Aydanı bərk-bərk qucaqladım. Aydan da məni qucaqladı. amma.. adımı unutmuşdu.

Sonra məktəbə getdim, müəlliməmin məni sevməsi üçün hər cür şirinlik edirdim. Amma sevmirdi, çünki şirin deyildim. O sevdiyim qadın bir dəfə mənə eşşək dedi, çox ağladım həmin gün. Çıxacam dedim o məktəbdən, dözə bilmirəm o müəlliməyə. Amma çıxmadım. Kimlərsə çıxdı, kimlərsə gəldi, mən 11 il oxudum o sinifdə.

3-cü sinifdə ingilis dilim çox zəifdi. çünki fərqli bir dünyanın dili idi. Dili başa düşməyim üçün o dünyanı dərk etməli idim. Dərk edə bilmirdim. Çətin idi..fərqli idi..başqa idi. Həmin ilin bütün yayını anam Vershaginanın ingilis dili kitabını mənə öyrətdi. Bağda yuxarı mərtəbədə ancaq o zəhrimarı oxuyurdum..oxuya bilmirdim. Pəncərədən insanlara baxırdım, dənizə baxırdım. şeir yazırdım. amma o ingilisi oxuya bilmirdim.

İngilis dili müəlliməm pismiş, ona görə sevə bilmirmişik dili. sinif rəhbərimiz belə dedi. öyrətdi ki, sizi çağıracaqlar, pisləyərsiz müəllimi, deyərsiz ki, heç nə öyrətmir. Çağırdılar. Ən çox mən pislədim, ən çox mən danışdım.. həmin gecə Allah babaya “gecən xeyrə qalsın” demədim. özümü çox pis hiss edirdim, nəsə çox pis bir şey eləmişdim..amma nə?  Çox sonradan bildim, şər atmışdım.. Müəllim yaxşı idi, pis olan biz idik.

Bir gün sinif yoldaşlarımdan biri məktəbə formasız gəldi. nə qara yubkası var idi, nə də ağ köynəyi. Hər şeyi çox bilən sinifqom mən özümə borc bildim ki, bu haqda müəllimə məlumat verim. Verdim. amma nəsə yenə qaranlıq bir şeylər vardı, anlamırdım.. Yenə və yenə çox sonradan bildim, qızın atası evi tərk etmişdi, anası qızının kefini açmaq üçün bəzəmişdi.

Daha çox şeylər öyrəndim.. amma sonradan. Və bir gün gördüm ki, artıq uzun müddətdir ki, Allah babaya “gecən xeyrə” qalsın demirəm.

sonralar daha çox şey oldu, daha-daha çox.. amma yalnız idim.. Məsləhət verən Allah babam yox idi.. maraqlısı odur ki, artıq səhvlərin subyekti deyildim, obyekti idim. Olmaz dediyim çox şey gəldi başıma. qırıldım, insanlardan, həyatdan, Allah babadan. Bu 24 yaşımda uşaq kimi ağladım.

“Niyə məni tək qoydunuz? Niyə yanımda olmadınız?” 

Və hələ çox şeylər olacaq. Çox dəfə yıxılacam, çox dəfə ağlayacam, çox dəfə həyat başıma uçacaq.. və mən həmişə Allah babamı-dostumu axtaracam.

Belə

Uşaqlıqda yaşadığımız hər çətinlikdə,hər sıxıntıda “eybi yox,böyüyəndə keçəcək, hətta yada salanda güləcəyik” deyə düşünürdük. Böyüdük, ancaq keçmədi. Hər biri beynimizdə silinməz izlər qoydu. Hər mənfi hadisə düşüncələrimizə bir ləkə saldı. Sonra o ləkələr böyüdü, böyüdü və düşüncələri əvəz etdi; yəni biz artıq düşünmürük, ancaq beynimizdəki ləkələri izləyirik. Uşaq vaxtı həmişə evə gedəndə səhvlərimin üzərində düşünərdim  və onda elə bilirdim ki, bütün insanlar belədir. Elə bilirdim ki hər kəs öz səhvlərinin, düzlərinin fərqindədir, etdikləri ədalətsizliklərə görə vicdan əzabı çəkir, yaxşılıqlara görə isə sevinirlər. Amma yaş artdı, ləkəli beyin artıq saf düşüncələrindən əl çəkdi. Gördüm ki, dünya heç də mən düşündüyüm, olmasını istədiyim kimi bir yer deyil. Hər yaxşılığın bir qarşılığı, hər pisliyin isə bir səbəbi vardır insanlar üçün.

Əslində artıq dünyanın necə bir yer olması getgedə vecimə də olmur, insanlar da vecimə deyil, heçkimdən nə yaxşılıq gözləyirəm, nə də pisliklərini vecimə alıram. Sadəcə heyf ki, bunu gec öyrəndim. Əvvəllər ancaq bir ideologiyam vardı :

” Şu dünyadaki en mutlu kişi mutluluk verendir, Şu dünyadaki sevilen kişi sevmeyi bilendir, Şu dünyadaki en güçlü kişi, güçlükten gelendir, Şu dünyadaki en bilgin kişi kendini bilendir, Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, İnsanlar el ele tutuşsa, Birlik olsa, Uzansak sonsuza” .

İnsanlara öz ürəyimdə olan bütün küskünlüklərim də, inciklərim də bu ideologiyanın təsirindən idi. Çünki evdə də belə görmüşdüm mən, sevgi verən-sevgi alan və paylaşan bir ailəm olub. Amma qapıdan çölə çıxan kimi hər şey dəyişirdi. Hər kəs xoşbəxtliyə, sevgiyə ac, lakin hər kəs də bunu başqalarından özünə olan borc kimi görür. Yəni heç kəs insanları sevmir, heç kəs insanları xoşbəxt etmək üçün bir cəhd etmir, lakin bütün dünyadan bunu özünə qarşı tələb edir, görmədikdə isə insanlara düşmən kəsilir. Hər kəs insalara öz həyat xidmətçisi kimi yanaşır. Ancaq artıq çıxa bildim bu ideologiyanın təsirindən. O mahnıdaki kimi həyat bayram deyilmiş, insanlar da əl-ələ və xoşbəxt olmasa olar. Daima sevgi verdiyin insanlardan sevgi dilənməyə də ehtiyac yoxdur, çünki sevgini hər kəsə paylamaq olmaz. Bu psixologiya ilə insan daha güclü olur, daha az yara alır və ya heç almır..   Amma istədiyim bu idi mi?

Bu deyildi.. Köhnə ideologiyamda ümid vardı, insanlara inam vardı, sevgi vardı, dostluq vardı, istilik vardı və ən əsası doğmalıq vardı. köhnə ideologiyamda insanlar bir-birinin xidmətçisi deyildi, dostu, sirdaşı, ailəsi idi. Güclə qurduğum bu möhtəşəm ideologiyamda isə artıq insanlara qarşı doğmalıq hiss etmək yoxdur. Doğma olmadığın insanlardan doğmalıq gözləməyə ehtiyac da yoxdur..  amma və lakin, bu psixologiya ilə xoşbəxtəm mi? Yox. Kədərliyəm mi? Yox.  Hissiyatsızam… və ləkəli beyinli.

“Şu dünyadaki en olgun kişi acıya gülendir, Bütün dünya buna inansa, bir inansa..”

1 il

27939832_2018520455093259_1959162823_n

1 ildən biraz çox olar ki, yazmıram. Sən demə, nə böyük nemətmiş yazmaq… Nədən yazım, daha doğrusu nələrdən başlayım bilmirəm.Amma yazmalıyam bugün. Yazmadıqca çoxalır deyə bilmədiklərim, sonra özüm də unuduram…Amma bilirəm ki, sıxıntı şəklində ürəyimdə bir yerlərdə qalır hamısı, sonra da zəbt edir məni.

Məsələn o gün bir qadın gördüm. Mən onun bütün həyat hekayəsini bilirəm , amma o məni tanımır, bilmir. Kənardan izləyirəm, görmür. Tək ona görə yox ki yadam.Ona görə ki gözlərindən də başa düşülən qayğı və kədərlə dolu bir həyatı var və o göz ancaq satdığı əşyalara yönəlib və “bugünki missiyanı” da yerinə yetirməyə tələsir. Bir insana mərhəmət göstərmək üçün nə lazımdır?  – İsti bir gülümsəmə? -məsum ifadə? -şirin söz? Heç biri yox idi o qadında. Quru sadə bir qadın.hətta bəlkə biraz zalımlıq da yağırdı üzündən… Niyə də yağmasın? Düşündüm ki, indiyədək insanları sevmək və ya nəsə bir mərhəmət göstərmək üçün üzlərində həmişə  sevgi axtarmışam, nur axtarmışam. Həmin gün anladım ki, boş şeylərdi. Əgər bir insan kədər və qəm içərisində hər gün yenidən və yenidən qaynayırsa, ondan  xoş, ürəyə yatan hansı hissləri gözləmək olar? Həm niyə gözləməlisən ki? Yumşalmaq və mərhəmət hədiyyə etmək üçün? … 

O gün rastlaşdığım və diqqətimi çəkən ana-baladan da yazım biraz ..Daha doğrusu özlərindən qabaq ayaqqabıları çəkmişdi diqqətimi. Son dərəcədə könhəliyi və çirkliliyi bir neçə saniyəlik  məni cəlb elədi və bu zaman başımı yuxarı qaldıranda onların da mənə baxdığını gördüm. Və birdən ana gülümsədi mənə.. Mənə bu dərəcədə “qəribə” təsir bağışlayan bir gülüş heç vaxt görməmişdim.. Bayaqdan ayaqqabılarına baxdığımı gördükləri üçün utandım. Amma incinmiş görünmürdülər. Ana qucaqladı qızını və bu dəfə qızı da gülümsədi mənə… Səbəbini bilmirdim, doğrudan. Amma hər iki gülüşdə sadəlik,məsumluq, xoşbəxtlik və biraz da yorğunluq vardı… Sanki “Həyatdı da.. nə etmək olar..” deyə bütün dünyaya meydan oxuyurdu ananın gözləri. Sevməyi bacaran qadın idi, ona görə də sevgi içində böyütdüyü qızının gülümsəməsində ancaq xoşbəxtlik var idi…onun üçün meydan oxuyası nə həyat, nə də utanmağı ağlına gətirə biləcəyi ayaqqabıları vardı. O qız üçün Ana və Sevgi vardı …

Hər səhər işə gedəndə ilk “Sabahın xeyir” sözlərini eşitdiyim qadından da danışmaq lazımdır..28də küçələri təmizləyir. Həyatı sevmir, hər halından bəllidi. Amma niyəsə insanlara qarşı maraqlı bir mehribanlığı var. Bir hekayəsi var, görünür. Amma üzündə gizlədir bunu. Qoruyur.. özünü də.. hekayəsini də.. Bəlkə də qarşılamaq istəyib , lakin bacarmadığı kiminsə və ya nəyinsə əvəzini çıxır həyatdan.. Həyatın onun əlindən aldığı fürsəti  qadın özü özünə hər gün verir. Dəfələrlə qarşılayır, bəlkə dəfələrlə də yola salır…

Bir kişi isə can verdi bugün..metroda ..gözümüzün qabağında.. Kimisi təsirləndi..kimisi soyuq halda “öldü” dedi..kimisi qorxdu.. amma heç kim kədərlənmədi, əsas kədərlənəcək şəxslərin isə hələ heç nədən xəbəri yox idi. Mən? Heç nə hiss eləmədim. Ölüdən də qorxmuram, babamın cansız bədəni ilə ilk dəfə tanış olandan sonra öz-özümü “1 saat əvvəl o da “bizim kimi” idi , onda qorxmamışdımsa, indi də qorxmamalıyam ” deyə sakitləşdirmişdim özümü… Bəlkə də buna görə, bugün kişidən də qorxmadım. Hüznlənmədim də.. Həmin 3 dəqiqə sadəcə təəccüb üçün bəs elədi mənə..Sonra da unutdum. Amma kaş yaşasaydı … Kaş hamı həmişə yaşasaydı…

Bir də təzəlikcə yeni bir insani hissin fərqinə varmışam: Hamımız adi qaydada  “başımızı aşağı salıb” həyata dalırıq. Olması gərəkən kimi. Amma nə vaxtsa kimsə nəyə görəsə başını qaldırsa, onda sistem pozulur. Və həmin insan “biz”dən olmur. Məsələn, sağlam olan A bir gün xərçəng xəstəliyinə tutulur , ya da B-nin anası ölür, C müflis olur, D ölür və s…  Adama elə gəlir ki, bu insanlar həmin hadisəyə qədər məhz o an üçün yaşayıblar, bizim kimi deyillər, biz o an üçün doğulmamışıq və s… Qəribə hissdi… Bəs biz kimik? bizim kimilər kimdi? Biz cənnətdən qovulmuş yazıq mələklərik. Hansı ki bütün yaxşılıqlara layiq olub, lakin həyat tərəfindən yetərincə dəyərləndirilməmiş mələklər…

 Bu qədər…Sözdə uzun, yazıda qısa 1 il.

 

…üçümüz də üşüyürdük

raining_by_pascalcampion-d4sqdke 

 Bugün evə gedəndə yolda bir qadın gördüm…Daha doğrusu, qadını yox, əlindəki nərgizləri gördüm. Həmişə elə bilirdim ki, nərgizin mövsümü Martdır. Bugün bildim ki, fevraldan açmağa başlayırlar artıq… O qədər gözəl idi ki, ağ nərgizlər üzərinə düşən qar dənəcikləri. 1 manat verib, qəşəng bir dəstə seçməyə çalışdım…Bu zaman xala “off, hava da yaman soyuqdu…zibilə qalsın bu qar” deyə öz-özünə sakitcə gileylənməyə başladı. Başımı ani olaraq nərgizlərdən qaldırıb xalanın gözlərinə baxdım. Bu 10 dəqiqəlik prosesdə xalanı ancaq indi görə bilmişdim…Ona soyuq idi.üşüyürdü..çox nazik geyinmişdi..və qar su damlası şəklində üzündən axırdı… başında isə papağı yox idi….saçları şam ağacıtək ağappaq idi… Qarşı-qarşıya idik… Və həyatın hər bir əsl mənasında “qarşı-qarşıya” idik… Həm real olaraq duruş istiqamətimiz, həm qara olan münasibətimiz, həyatdaki mövqeyimiz, yaşam tərzimiz, arzularımız, istəklərimiz, xəyallarımız, dərdlərimiz, qayğılarımız …. – dünyalarımız qarşı-qarşıya idi… İkimiz də insan cildində idik… Amma bizi bir-birimizdən ayıran yollar var idi, hansı ki o yolu biz özümüz seçməmişik… İkimiz də insan idik… “insan” adı altında bu qədər ümumi yanaşdığımız varlıqlar necə bu qədər fərqlənə bilirdi axı bir-birindən ?! Niyə bugün o mənə başıbükük, sanki bir günah işləmiş halda aciz şəkildə nərgiz satmağa çalışmalı idi ?! Niyə o aciz idi ?

… Utandım… xaladan utandım, özümdən utandım, nərgizdən utandım, qardan, qışdan utandım, hər şeydən utandım… nərgizi götürüb uzaqlaşdım ordan…birdən arxamca bir səs gəldi: “Qızımm, sən Allahın adı, bir dənə də salfetka al ..”    İnsanam axı… Mayam bəşər insanlığına məxsus bir qəddarlıqla  yoğrulub, istəmədim çox pul xərcləmək… irəlilədim, arxaya belə baxmadan… ürəyimdə insani zalımlığımla vicdanım arasında mübarizə gedirdi. Başa düşdüm ki, evə çata bilməyəcəm. geri dönüb 1-2 salfetka da digər xaladan aldım… “Vallah, xəstə qızım var evdə..” Sanki nəyə görəsə özünə bəraət qazandırırdi bu sözlərlə…ya da çalışırdı ki, insanların ona yazığı gəlsin, eyni zamanda onun səmimiliyinə inansın və nəsə alsın… Eh, ay xala, əgər biz sənin soyuqda donmağını görə-görə sənə qarşı heçnə hiss etmiriksə, gözümüzlə görmədiyimiz xəstə qızına qarşı hansı isti münasibəti gözləyirsən bizlərdən ?!… Bu qədər… Evə gedərkən yenə, niyə bu 3 insanın bir-birlərindən bu qədər fərqli olmasının üzərində düşündüm… Lakin ən sonda aramızda ortaq bir cəhət tapa bildim : Üçümüz də üşüyürdük …

İki “qadın”

11biogenbus08

Baxdı..avtobusda qarşısında oturan qadına baxdı. Gözəl idi…qara saçları, mavi gözləri, balaca burnu, gül rəngində dodaqları, ağ əlləri, boyalı dırnaqları … Şüşədəki öz əksi dəydi gözünə bu zaman. Kim idi bu? Doğrudan da, özü idi mi? Ağarmış saçlar, dərd içində üzən gözlər, çatlamış solğun dodaqlar, qırışmış yaralı əllər, səliqəsiz dırnaqlar… Utandı özündən..bəlkə də özündən yox.., qızdan utandı, qızın gözəlliyinin altında əzilməkdən utandı… Çəkdi şüşədən gözlərini, ən azından bu gün, bu saat baxmaq istəmirdi öz əksinə,  çünki iyrənmişdi, bezmişdi artıq özündən…gözləri gözəlliyə həsrət idi, izləmək istəyirdi bu qızı… gözləri… Bu gözlər onda olsaydı…bənzəyərdi mi bu qıza? Ehh, yox, bu gözlər onun simasında sanki palçıq üzərinə düşən bir gülü xatırladardı… Bəs dodaqlar? … Yox… sonradan yenə solacağını, qırışacağını bildiyi halda bu dodaqları özündə xəyal etmək haqsızlıq olmazdı mı həmin o gül dodaqlara qarşı ?! Nə ehtiyac var idi , özünü məhv etdiyi kimi o dodaqları da məhv etməyə ?… Bu cür qəribə düşüncələrlə mübarizə apardığı zaman, bir anda qızın gözlərini öz üzərində hiss etdi…Çantasına baxırdı qız onun.. Sökülmüşdü və bu sökük qızı cəlb eləmişdi . Daha çox utandı bu zaman…əli ilə gizlətməyə çalışdı həmin yeri, amma nə fayda…yəgin indi qız qınayırdı onu, bəlkə də səliqəsizliyindən iyrənirdi hətta. İyrənməkdə haqlı idi, çünki özü də özündən iyrənirdi…Amma qınamaq – əsla ! Hansı qadın sökük çanta ilə küçəyə çıxmağa razı olar, əgər daha bir çantaya malikdirsə ?! Yox idi, malik deyildi … Zəng gəldi qıza bu an…telefonu da özü qədər gözəl idi… “Çatıram, əzizim..”  Əzizim… Necə də gözəl bir kəlimə idi…Əzizimm…Dəfələrlə öz-özünə təkrarladı…Əzizimm…Əzizimmm… Yeni bir kəlimə idi, bu, onun üçün… İncə kəlimə idi, elə həmin bu qız kimi… və bu kəlimə məhz bu qızın dilinə yaraşırdı , səsinə yaraşırdı… amma ona…onun kobudlaşmış səsinə… “zəhrimar”dan başqa kəlimə bilməz dilinə…yaraşmırdı…yaraşmazdı!.. Gülünc qalardı bu söz onda…Əzizimmm..yox bir… Amma kaş bu gözəl kəliməyə yaraşan bir insan olsaydı… Ən azı “əzizim” qədər məlahətli olsaydı, incə olsaydı…Axı o da qadın idi… Nə fərqi var idi bu qızdan?  Eyni cinsin sahibləri bir-birindən necə bu qədər fərqli ola bilərdi axı?  

Ay arvad, ‘ Çuğuntökmə zavodu ‘ deyirdin bayaq. Buradı , düş.

… Və artıq başa düşürdü… Qadın olan o deyilmiş, qarşısındaki imiş. O, arvad idi… Fərq də elə məhz bu imiş …

Adsız

Bugünki səhər “Baban öldü…” xəbəri ilə açılmışdı… Babamın qocaldığının bugün fərqinə vardım…özümün isə böyüdüyümün… Pəncərədən baxdım – hər şey əvvəlki kimi idi… yenə qar yağırdı, yenə insanlar harasa tələsirdi, yenə həmin xala elə həmin küçəni imagetəmizləyirdi, yenə taksi sürən dayı həmişəki yerində dayanmışdı, yenə oğlanlar velosiped sürürdü..yenə…yenə… Amma babam yenə həmişəki kreslosunda oturmurdu…Yenə adi günlərindən birini yaşamırdı…Mən pəncərədən insanları izləyəndə onun döyünən ürəyi sönən beyni ilə mübarizə aparırdı… Yaşamaq istəyirdi…nolsun, amma öldü… Həmişə olduğu kimi yenə ürək məğlub oldu..  

Mənə gəldikdə isə, doğrusu, heç nə hiss etmirdim … Sadəcə nəsə yerində deyildi, dərk etdiyim ancaq bu idi…başqa da heçnə qavramırdım… 1 damcı belə yaş axmadı gözümdən. “Ancaq gücsüzlər ağlayar”dı çünki . İllər boyu beynimə o qədər yeritmişəm ki bu cümləni, ürəyim buza dönübmüş, bugün başa düşdüm bunu da.  Qar yağırdı…amma yerə yox, mənim ürəyimə düşürdü sanki. Beynimdə isə külək əsirdi… Və bildiyim bir şey var idi, o da ki kiminsə əskilməyi ilə həyat bitmirmiş, dünya dağılmırmış, günəş sönmürmüş, ay çəkilmirmiş… sönən də,dağılan da, bitən də elə insanın özüymüş…  

 Hardan gəlib, hara gedir bu dünya?

23.noyabr.2016

Hisslərin simfoniyası

96f9f77332d412e60911fc87df38c800

Aytmatov deyir ki, insan bu həyatda 3 şeydən yorulur: təklikdən, bağışlamaqdan və mənasız xəyallar qurmaqdan. Bağışlamaqla bağlı xüsusi bir fikrim yoxdur, hərdən bağışlayıram, hərdən yox, hərdən isə bağışlamağa ehtiyac duyulan hadisələri və ya insanları unuduram..Yorucu olmur, nə bağışlamaq,nə bağışlamamaq, nə də unutmaq, hal və şərait baxımından hər üçü də asandır, dramatik heç bir yanı yoxdur. Təkliyi də sevirəm, amma bəzən insan bu sözləri kiməsə deməyə də ehtiyac duyur … Bir də var, xəyal qurmaq -hansı ki dəhşətli bir şeydir. Məsələn, xəyal qurmaqdan qorxaram mən.Çünki heç vaxt gerçəkləşməzlər.Mənim həyatımda ən gözəl şeylər ən gözləmədiyim zamanlarda olur. Ən gözəl şeylər…ən gözəl şey… Doğrudan, həyatımda sonuncu ən gözəl şey nə olub? hmmm…Universitetə girməyim olub deyəsən ən gözəl, ən çox sevindiyim, ən xoşbəxt olduğum hadisə..O da 4 il əvvəl. Bundan başqa, nə əvvəli xatırlayıram, nə də sonranı…Qayıdaq xəyal qurmağa. Dediyim kimi, qorxuram xəyallardan. Çünki məncə xəyal insanı incidir, yorur. Və get-gedə mənasız olduğunu da görürsən… Özünü nələrəsə inandırırsan, nəticədə isə tamam başqa bir vəziyyətlə qarşılaşıran, daha çox yıxılırsan, qırılırsan, bezirsən,soyuyursan, daha səssizləşirsən… Hərdən bir addım atmağa hazırlaşırsan, amma səhv edib xəyalını qurursan, bununla da hər şeyi məhv edirsən…Məhvlərə də alışır insan…Bu arada, onu da deyim ki insan həyatı alışmaqdan,öyrəşməkdən ibarətdir…Yalnızlığa alışırsan, sonra kimlərsə gəlir -onlara alışırsan, gedirlər-onlarsızlığa alışırsan, xəyallara alışırsan, xəyalların alt-üst olmasına da alışırsan, nifrət etməyə alışırsan, sonra bağışlamağa alışırsan, çox danışmağa alışırsan, sonra susmağa alışırsan, gülməyə,ağlamağa alışırsan, sonra hisslərinin buz kimi soyumasına alışırsan, soyuyan hisslərin ifadəsizliyinə alışırsan, sonra isə ümumiyyətlə heç nə hiss etməməyə alışırsan, bəzən möcüzələrə də alışırsan…sonra isə fəlakətlərə alışmağa başlayırsan…Elə bir vaxt gəlir ki artıq təəccüblənmirsən, heç nə hiss etmirsən, sadəcə izləyirsən…Bəzən isə izləsən belə, ancaq heçnə görmürsən, görürsən bəlkə də, amma tamam başqa şeylər… Hərdən nələrsə hiss edirsən, amma hissin adını belə bilmirsən və bilməməyə alışırsan…Soyuqsan deyirlər..vallah o da alışmaqdan,öyrəşməkdəndir…Vaxt gələr, nə vaxtsa isti olmağa da öyrəşərəm…  Bu mənasız gecə düşüncələrindən ibarət yazımı, yaxşı bir şairin yaxşı misraları ilə bitirirəm..

“gül buz tuttuğunda aylardan mayıs
günlerden hüzün
kanar yaprakları batar dikeni kendine…

yaralı bir serçedir yürek
donar soğuk bir cümlenin kederinde
kimse sormaz canın acıyormu diye
gül buz tutmuş kime ne…”

Gündəlik – 2

image

 

” Düzü, necə başlayacağımı yenə bilmirəm…Əslində yazıram, amma başa düşürsünüzmü, görəsən?…Başa düşmürsünüz,bilirəm.. çünki düşünmürsünüz…Həyatın axarına dalmısınız…Yorğunsunuz, bəlkə də indi yatırsınız, hətta sabaha işiniz də çoxdur…Məşğulsunuz – gündəlik qayğılarla. MƏNİM KİMİ …Elə bilirsiniz, guya mən özüm özümü başa düşürəm ki? Hərdən “nələrsə” düşünürəm…həvəsim, vaxtım olanda isə yazıya köçürürəm… 1-2 ildən sonra oxuyanda isə sizdən biri oluram və özüm də heç nə başa düşmürəm…BƏLKƏ də, başa düşməmək sərf edir bizə…? “

 

Bugün 2 rəfiqə bir-birilə söhbət edirdi. Rəfiqələrdən biri xadimə idi və digər rəfiqəsini də xadimə kimi işə düzəltmişdi. Lakin qız rəfiqəsinin iş saatından müəyyən qədər narahat idi. Gecə 21:00-dan səhər 7-ə kimi çalışmalı idi. Ancaq rəfiqəsi çox xoşbəxt idi, onun üçün fərqi yox imiş, tam əksinə, çox minnətdar, şükürlü idi qıza və Allaha qarşı… Deməli, bu saniyə mən isti evimdə “yorğun” halda yazı yazıram, hələ səhərə kimi də “işim çox olduğu üçün” oyaq qalmalı olacağım üçün kefsizəm, o qız isə gecə saat 12də xadimə kimi ayaqyollarını, şüşələri, stolları, yerləri təmizlədiyi halda kefsiz deyil, şükür edir Allaha, “Çoxsağol!” deyir rəfiqəsinə… Bugün ilk dəfə idi ki, özümü xadimə kimi təsəvvür etməyə çalışdım. Hər gün 10 saat ayaqyolu təmizləmək…Öz də gecə… Ürəyim qəribə bir şəkildə ağrıdı. Xeyr, bu dəfə fərqli idi!  Həmin qıza yazığı gəlib, ürəyində çoox xırda bir sızıltı hiss edib, sonra da özünü həmin sızıltıya təslim edərək qıza 1-2 manat dəyərində mərhəmət göstərən “monarxın” bikeflik və qürur qarışıq keçirdiyi bir hissin ağrısı deyildi. Qürur… Necə qəribədir…  ehtiyaclarımızın çoxluğu səbəbindən 1 aya yüzlərlə manat xərcləyirik, gözümüzə görünmür…amma  ildə-ayda-əsrdə bir dəfə kasıba verdiyimiz 1 MANAT’ı  heç vaxt unutmuruq, özümüzlə qürur duyuruq. O  1 manat(lar) cənnət qapımızın açarı, insanlığımızın isə göstəricisi olur…Hətta hərdən Allahla müqavilə də bağlayırıq, “Sən mənim filan işimi düzəlt, mən də sənin ‘kasıb’ına 1 manat verim” … Bu arada , kasıbın da ‘qiymət’i  20 qəpikdir. 1 manat –  ənn ali, ənn mükəmməl, ənn varlı, ənn ‘işləri düz gətirən’ insanların verdiyi bəxşişdir…QAYIDAQ MÖVZUYA… Bəli, ürəyimdə ağrı hiss etdim və bu ‘mərhəmət’imin ağrısı deyildi, bu – xəyalımdaki xadiməyə,yəni özümə yazığımın gəlməsindən doğan ağrı idi. İlk dəfə idi ki, özümə yazığım gəlirdi…necə çarəsiz idi o xəyalımdaki mən…O qız kimi güclü, şükürlü, minnətdar ola bilməzdim mən. Yəni indiki halımıza dəfələrlə şükr etməyi, minnətdarlıq duymağı unudan insanlardan ‘xadimə kimi işə düzəldiyi’ üçün şükr etməyi necə gözləmək olar ?! Həyat fəlsəfəmiz : “Belə də olmalıdır.” Bəs belə olmayan nədir ?! Qoy deyim də, belə olmayan – daha ağıllı, daha uğurlu, daha varlı,daha gözəl, daha bəxtli ola biləcək halda olmamağımızdır… Özümüzü həmişə olduğumuzdan yuxarılarla müqayisə edirik, müqayisə zamanı onların həyatlarını beynimizdə aydın şəkildə təsvir edib, keçirdiyi hissləri çoox aydın şəkildə xəyal edirik… Amma heç vaxt özümüzü gecə 3də küçədə yatan qoca bir kişi kimi təsvir etmirik, onun o soyuqda keçirdi hisslərinin xəyalını qurmuruq.. Biz onlardan deyilik, onlardan biri ola bilmərik, biz ancaq kasıblara ‘yazığı gəlib və mərhəmət göstərdiyi’ üçün ən ali səviyyələrə,gözəlliklərə layiq olan insanlarıq!  

Əsl mərhəmət isə bizim özümüzə lazımdır! Bu saniyə o soyuq ayaqyolunda xadimə kimi çalışan qızın göstərəcəyi mərhəmət mənə lazımdır!  Yağışın altında heç kimə lazım olmadığını bilsə də, 20 qəpiklik tərəzisini qarşısına qoyan çarəsiz dayının mərhəməti mənə lazımdır… Qışın soyuğunda səkidə oturub salfetka satan nənələrin,xalaların mərhəməti mənə lazımdır…

Təsəvvür edin ki, salfetka’ya ehtiyac duyanda həmin küçədəki nənəyə 1 manat verib normasından daha artıq alaraq, salfetkanın ucuza başa gəldiyi üçün sevinirsiniz və o anda – həmin nənə sizə ən xoş arzuları, gözəllikləri diləyir, həmin saniyə sevincinizə sevinc qatıldığı üçün laap-laap göylərə, buludların üzərinə çıxırsınız. Bax o SANİYƏ’ni həmin nənələrə, tərəzi’li babalara, xadimə qızlar və onun rəfiqələrinə həsr etmək istəyərdim…Kaş həmişə həmin o saniyəni yaşasaydılar  …

Adını siz qoyun. (Gündəlik-1)

tumblr_nuigv5dduf1sqba70o1_1280

 

1-2 həftə bundan öncə çox adi və bir qədər kədərli günlərimdən birini yaşayırdım. .Sizdə də olurmu, hansı ki özünüzü nələrəsə məcbur edirsiniz? Həyat’a belə məcbur hiss edirsiniz. Və bir müddət sonra bu, sizi boğur.

Təsəvvür et ki, ən sevimli rəngin “yaşıl”dır. Ancaq bir müddət sonra (yaşıl rəngə olan sempatiyandan xəbərsiz bir şəkildə) səndən bu rəngi sevməyi tələb edirlər, halbuki sən onsuz da bu rəngi sevirdin. Lakin bu tələb, məcburiyyət getdikcə sənə öz sevgini unutdurur, beynində isə yalnız və yalnız  “mən bu rəngi sevmək məcburiyyətindəyəm!” fikri dolanır…Rəngə olan sevgin itir, məcburiyyətin isə daim səninlədir… Bax, mən də belə idim…Özümü hazırki həyat şəraitinə məcbur hiss edirdim… Hər gün saat 7-8-də oyanmağa məcbur, kursa getməyə məcbur, ingilis dilini oxumağa məcbur, filmə baxmağa məcbur, kitab oxumağa məcbur, yeməyə məcbur,gəzməyə məcbur, UNİVERSİTETƏ(!) getməyə məcbur hiss edirdim… Halbuki bunları mən sevirdim axı. Bu, mənim seçdiyim həyatdır. Bəs niyə sonra peşman oldum ? Niyə özümü məcbur hiss edirəm? 

Düzəlməli idim… Ya hər şeyi atacaq, ya da hər şeyə sevgi (!) ilə davam edəcəkdim. Seçdiyim həyatdan zövq almaq istəyirdim. Əvvəlcə çıxış yolunu Akif İslamzadənin – “Hər şey gözəldir həyatda” mahnısında gördüm…Olmadı..heç uyğunlaşmadı mənimlə…Süni gəldi. Və sanki hətta müğənni belə bu mahnını oxumağa MƏCBURdur! Daha sonra Özümə zaman ayırmağa qərar verdim. Kursdan sonra bir gün dərsə getmədim. Həmin günü “çoxdandır eləməyi arzu edib, ancaq edə bilmədiklərim”ə ayırdım. Həmişə bütöv bir pizzanı yeməyin necə mümkün olması mənə maraqlı gəlirdi…aaa Bir də hər zaman “ancaq dostlar ilə” gedilən məkanlara tək getməyin necə qəribə olduğunu düşünürdüm. Getdim.Tək idim… Və tək olan da ancaq mən idim. Böyük bir pizza sifariş verdim… Saata baxdım, 13:00 idi, bir də insanlara baxdım…Necə xoşbəxt görünürdülər…Halil Sezainin bir mahnısı ağlıma gəldi, “Nerden bulur bu insanlar, ben mutsuzken gülünecek şeyleri?” Başladım pizzamı yeməyə və özümlə söhbət etməyə (beynimdə təbii ki. hələ o qədər də dəli olmamışam). İlk sualım bu oldu:

  • Mən nə istəyirəm? + Uğurlu bir insan olmaq.
  • İstədiklərim hansı yoldan keçir? + Yorucu bir yoldan.
  • Bunun üçün nə etməliyəm? + Öz üzərimdə çalışmalıyam.
  • Niyə məhz hüquq? + Uşaqlıq arzumdur.
  • Uşaq vaxtı özünü necə təsəvvür edirdin? + Məhkəmə zalında ağıllı nitqlər söyləyən bir vəkil kimi .
  • Arzuna çatmısan? + Az qalıb.  
  • Bəs kursa niyə gedirsən? + İngiliscə əla bilmək üçün və bu dili sevirəm.
  • Əla bilik nəyinə lazımdır? + İelts-da 7.5 + yığmaq üçün.
  • Bəs 7.5? + Xaricdə oxumaq üçün, bu da arzumdur.
  • Deməli, ortada məcburiyyət yoxdur…? Çünki cavablar arzu və istəklərdən ibarətdir… (!)

və s… suallar…cavablar…

Qərar: Mən heç nəyə məcbur deyiləm, mən bu həyatı istəyirəm, hətta arzulayıram… İstəsəm, hər şeyi ata bilərəm, cəsarətim yetəri qədər var. Universiteti, kursu, əhatəmi…Hər şeydən, hər kəsdən sakitcə uzaqlaşacaq gücə sahibəm. Amma bu mənim həqiqətən də istəyimdir mi? Yoxsa sadəcə qəfəsdən qurtulmağı arzulamaq adlı instinkt’dir? Xeyr, anladım ki, heç ortada qəfəs yoxdur, xəyali qəfəsi mən yaratmışam özüm-özümə.Hətta o qədər dar düzəltmişəm ki, nəfəs belə ala bilmirəm-boğuluram…

Saata baxdım…Özümlə söhbətə dalmışam, saat isə 16:30 idi artıq… Pizza bitmişdi… Ətrafımda isə xoşbəxt insanlardan heç biri qalmamışdı. Onların xoşbəxt söhbətləri 10 dəqiqə, yeməkləri isə 15 dəqiqə çəkdi. Və mən anladım ki, insan ilk öncə özü ilə dost olmalıdır, özünü sevməlidir(ego-dan danışmıram, həqiqi sevgi). Ancaq bundan sonra insan başqalarını da sevə bilər, söhbətlərini 10 dəqiqədən artıra bilər, pizzanı isə 15 dəqiqəyə sadəcə yeyə yox, həm də dadından həzz ala bilər. (Xərçəng xəstəliyinə tutulmuş isveçrəli 40 yaşlı bir professor ağlıma gəldi… Deyirdi ki, mən bu çayı içirəmsə, xoşbəxtəm…çünki gözəl ətri, gözəl də dadı var. Bu saniyə nəfəs alıramsa, istədiyim həyatı azad yaşamağım mənasına gəlir. Xəstəlik haqqında isə, “qısqananlar həmişə olub, fikir vermirəm” söyləmişdi. Xəstəlik onun üçün xoşbəxtliyini qısqanan bir məhvum idi. Və həmin professor o paxılı həyatından çıxarmağa müvəffəq oldu! Qayıdaq mövzuya.) Pizzanın dadından həzz aldım.Oturduğum məkandan, gülərüz personaldan, zövqlü musiqilərdən, yaşadığım saniyələrdən, özümdən, daxilimdəki dolub-daşan sevgidən həzz aldım…Biraz da gəzməyə qərar verdim. Glorianın yanından keçəndə, son zamanlar 7 manata “Caramel Nut Chiller” almaq istəyib, amma xəsislikdən 3-4 manatlıq cappuccino ilə əvəzlədiyim ağlıma gəldi. Xəyali qəfəsimdən azad olmağımı qeyd etməyi qərara gəldim… (ŞƏRƏFƏ, ƏZİZ MƏN) … Xoşbəxt idim…Məqsədlər, hədəflər,planlar, yeni hobbylər ilə dolu idi beynim… Tango-ya , üzgüçülüyə yazılmağa qərar verdim.. Üzməyi yaxşı bacarıram, amma özümü məcbur hiss etdiyim üçün ondan da uzaqlaşmışdım. Artıq məcbur deyiləm, istəyirəm. Tango-nu isə bacarmıram, amma artıq bacarmağı arzulayıram və çox maraqlı gəlir mənə… aaa Bir də piano…italyan ya da fransız dili öyrənmək… saat 18:00 idi. Dərsə getməyə qərara gəldim. Məcbur deyildim artıq, bunu həqiqətən istəyirdim və gedib 3cü dərsimə qatıldım. Yolda hər şey, hər kəs mənə o qədər gözəl görünürdü ki…Daxilim sevgi ilə dolub-daşırdı.Hər kəsi çox sevirdim, hər kəsə bacardığım ən səmimi gülümsəməni edirdim… Təbii ki insanlara bu, qəribə gəlirdi. Tanımadığımız insanlara gülümsəmək ?! Bu  ki qəribədir. Bəs qəribə olmayan nədir? Don, soyuq baxışlarla düşmənsayağı əən ciddi şəkildə ətrafındaki insanlara baxmaq mı? Normal – soyuqluq, ciddilik. Anormal – istilik, mülayimlik… Maraqlıdır həqiqətən də… 

Son olaraq, bu adi bir günümün çox “adi”, sadə bir təsviri idi. Kimisi üçün mənasız gələ bilər, kimisi üçün isə tam əksinə çox maraqlı və s. Qərarınız və nəticəniz isə sizə qalmış, düzü bu, məni heç maraqlandırmır da…Məni maraqlandıran, hər kəsin xoşbəxt olmasıdır, həyatda özünü heç nəyə məcbur hiss etməməsidir,istədiyi həyatı yaşamasıdır. Hər bir insanın xoşbəxtliyi digərləri üçün işıqdır. Gəlin ətrafımızdaki boz vakumu dağıdaq…! Bunun üçün isə özümüzə vaxt ayıraq, problemlərimizə, dərdlərimizə vaxt ayıraq, özümüzlə danışaq,söhbətləşək, DOST olaq. – Özümüzü sevək. Həyat çox qısadır. Bir də baxacağıq ki, (yaşımızdan asılı olmadan) sabah yoxuq, və hər şeyi kənardan izləyirik. Bax onda həqiqətən peşman olacayıq. Adi qara çaylar da, adi pizzalar da, yeməklər də, çoox “adi” hadisələr də bizə çoox cəlbedici gələcək. Bax o zaman həsrət ağır gələcək, peşmançılıq isə qəlbimizi ələ keçirəcək.

İndi isəəə mən kompyuter arxasından sizə bacardığım ənnn böyük gülüşü göndərirəm… Və sizi sevirəm… İndi isəəə sən də (!) mənə ən gözəl,səmimi,içdən olan gülüşünü göndər. 

 

ETİRAF: Yazıya çox “negativ” hisslərlə başlamışdım… Sonunu da mənfi’yə bağlayacaqdım hətta…  Amma bacarmadım. Çünki bu yazını yazanda mənim də ürəyim yenə sevgiylə doldu-daşdı…Yaxşı ki bu dəfə “xoşbəxtliyimi” 10 gün əvvəlki kimi “14 manata” (pizza və chiller nəzərdə tuturam) yox, məhz pulsuz əldə etdim….! Bu arada Akif Islamzadə yenə ” Hər şey gözəldir bu həyatda” deyir… “Sən bu gözəlliyi anlaya, duya bilsən…”

Ah Hüqo, Hüqo …

HUGH-JACKMAN-IN-LES-MISERABLES

 

” Kasıblara 50.000 frank buraxıram. Məzarlığa onlara məxsus cənazə maşını ilə getmək istəyirəm.Heç bir kilsədən özüm üçün ayin istəmirəm. Bütün ruhlardan isə mənim üçün dua etməklərini xahiş edirəm.Allah’a inanıram ” –  Victor Hüqo 

 

Elə kitablar var ki, insanı elə dərindən sarsıdır ki, bu vaxta qədər kim olduğunu yaddan çıxarır… “Səfillər” əsəri də bu kateqoriyanın ən başında gələn bir şedevr’dir. Bəlkə də elə Səfillər bizim pasportumuzdur, hansı ki kimliyimizdə birbaşa təsiri vardır…

Əsəri oxuduqca, sətirbəsətir Hüqonun dahiliyinə, düşüncələrinə aşiq oldum.. Hər bölmə sonrası “Necə bacara bilib bunu axı? bu misralar, düşüncələr, personajlar, hadisələr, aralarındaki möhtəşəm uyğunluq, sətirarası insanlara ünvanlanan  düşüncələr …Möhtəşəm əsərlər çox oxumuşam.Ancaq möhtəşəmliyin pik nöqtəsinə məhz bu kitabda rast gəldim..” deyirdim.

SPOİLER : Əsər iri həcmli və zəngin personajlı olduğu üçün kuliminasiya nöqtələri də çox idi. Ancaq mənim üçün Javer ilə Jan ValJanın sonuncu 2 qarşılaşması əsas kuliminasiya idi… Jan ValJan Javeri öldürmür. Bu tək insanlıq deyildi, bu həm  JanValjanın mənəvi gücünün göstəricisi idi. Bununla o sanki deyir ki, ” mən o qədər aciz, gücsüz deyiləm ki, səni öldürməyə ehtiyacım olsun.Mübarizədən qorxmuram, qorxmayacam da ! ” Və sonuncu qarşılaşmada vicdan Javer üzərində qələbə qazanır …Bu səhnə sadəcə möhtəşəəm idi…

Haqqında bəhs ediləsi, analiz olunası o qədər gözəl hadisələr və personajlar var ki …Ancaq heyf ki hər biri haqqında ayrı-ayrı təhlili eyni məqaləyə sığdırmaq mümkün olmayacaq. Bu arada, ay əsəri oxuyanlar, zalım Tenardiyelərin  insanlıq simvolları olan Gavroş və Epinine kimi uşaqlara sahib olması sizi də təəccübləndirdi mi ?! Bunu Tenardiyenin bəxtəvərçiliyi kimi qiymətləndirirəm 🙂

Əsərdə Hüqo dəfələrlə insanlara səslənir, “ pis insan yoxdur, ancaq pis tərbiyə olunmuş insan vardır ” … Ona görə də, əziz valideynlər, və ya gələcəyin valideynləri, övladlarınızı ruhən çox sağlam yetişdirin. Öz daxili sağlamlığınıza  da daim nəzər yetirin. Əgər cəmiyyət pisdirsə, o cəmiyyətin yaradıcıları da elə biz özümüzük.  

 Jan Valjan ölərkən keşiş duası istəmir. Personajın yaradıcı olan Hüqo öz ölümündə də fikrinin üstündə qalır,  1 keşişdən gələn ayinin mənasız olduğunu düşünür və dualarını bütün nəsillərdən istəyir. Ah, Hüqo, Hüqo, XOŞBƏXTSƏN !